Azərbaycan
    
   1 sentyabr 1900 - Sirk pəhləvanı Rəşid Əliməmməd oğlu Yusifov (1900-1982) anadan olub. 
   1 sentyabr 1919 - Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. 1 sentyabr 1920 - Bakıda Şərq Xalqlarının I Qurultayı keçirilib. 
   1 sentyabr 1920 - Tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 - 16.8.2002) Şəkidə anadan olub. 
   1 sentyabr 1924 - Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (10.1.1838 - 1924) vəfat edib. Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir sıra xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) Tağıyevin dəstəyi sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.
   1 sentyabr 1930 - Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930-2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq və gənclər üçün kitabların, 30-dək səhnə əsərinin müəllifidir. 
   1 sentyabr 1937 - Aktyor, Əməkdar incəsənət xadimi Siyavuş Şəfiyev (1937 - 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. "Əhməd haradadır?" (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm), “Ən vacib müsahibə” (Altay) filmlərində çəkilib.
   1 sentyabr 1941 - Əməkdar mədəniyyət işçisi, şair, yazıçı-publisist Tofiq Abdin (Tofiq Məhərrəm oğlu Abdinov; 1941 - 24.2.2014) Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub. “Qobustan” jurnalı, “Mədəniyyət” qəzeti və digər nəşrlərdə çalışıb, şeirlər, ədəbi-publisistik yazılardan ibarət kitabları nəşr olunub.
   1 sentyabr 1945 - Xalq artisti, sənətşünaslıq doktoru Məcnun Təbriz oğlu Kərim (1945 - 2.10.2013) Zəngəzur mahalının Şəki kəndində doğulub. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətini bərpa edib. Bakı Musiqi Akademiyasının professoru olub. 1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim musiqi alətləri ansamblını yaradıb. 
   1 sentyabr 1946 - Şərqşünas, filologiya elmləri doktoru, akademik Möhsün Zellabdin oğlu Nağısoylu Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub. AMEA-nın Dilçilik İnstitutunun direktorudur.
   1 sentyabr 1949 - Azərbaycanda icbari yeddiillik təhsilə keçid başlayıb. Sovet hökuməti hələ 30-cu illərin sonunda bununla bağlı qərar qəbul etmişdi. Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı xeyli ləngitdi. 
   1 sentyabr 2009 - Xalq rəssamı, Prezident təqaüdçüsü Yusif İsmayıl oğlu Hüseynov (15.10.1928 - 2009) vəfat edib. 
   
   2 sentyabr 1909 - Nasir, dramaturq Rza Nəbi oğlu Şahvələd (1909 - 2.7.1984) anadan olub.
   2 sentyabr 1930 - Əməkdar rəssam Hüseyn Gülbala oğlu Hüseynov (1930-1987) Bakının Buzovna kəndində doğulub. Azərbaycan dilində rəssamlığa dair ilk dərsliklərin müəllifidir.
   2 sentyabr 1934 - "Kommunist maarifi" qəzeti nəşrə başlayıb. 1938-ci ildə "Müəllim qəzeti" adlanıb. 1946-cı ilin aprelindən "Azərbaycan müəllimi" adı ilə nəşr olunur.
   2 sentyabr 1949 - Əməkdar incəsənət xadimi, bəstəkar İsmayıl Soltan oğlu Hacıbəyov (1949-2006) anadan olub. "Firuzə" operası, "Memorial" kantatası, "Naxışlar" fantaziyası və digər musiqi əsərlərinin müəllifidir. 
   2 sentyabr 1954 - Bakıda Televiziya Mərkəzinin təməli qoyulub. Azərbaycan Televiziyası 1956-cı il fevralın 14-də fəaliyyətə başladı. 
   
   3 sentyabr 1916 - Əməkdar incəsənət xadimi, rəssam Əyyub Müseyib oğlu Hüseynov (1916 - 17.4.1998) Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olub. Əsərləri: “Araz sahilində”, “Şahbuz”, “Yağışdan sonra”, “Yaylaqda”, “Çobanlar” və s.
   3 sentyabr 1951 - Görkəmli aktyor, Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuri (1951 - 22.11. 2012) Bakıda anadan olub. 1974-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında ("Qatarda", "Evləri köndələn yar", "Səni axtarıram" (trilogiya), "Ac həriflər" və s.), kinoda ("Yol əhvalatı", “Tənha narın nağılı”, "Yaramaz", “Bəyin oğurlanması", "Qətl günü", “Yuxu”) yaddaqalan obrazlar yaradıb. Respublika Dövlət mükafatı, “Şöhrət” ordeni ilə təltif olunub.
   3 sentyabr 1931 - Xalq rəssamı, Prezident təqaüdçüsü, professor Oqtay Yusif oğlu Şıxəliyev (1931 - 31.1.2012) Bakıda doğulub. Rəngkarlığın müxtəlif janrlarında əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir. 
    
   4 sentyabr 2003 - Yazıçı, filologiya elmləri doktoru, professor Əzizə Məmməd qızı Cəfərzadə (29.12.1921 - 2003) vəfat edib. "Aləmdə səsim var mənim" (Seyid Əzim Şirvani haqqında), "Yad et məni" (Abbas Səhhət), "Bakı-1501" (Xətai) və s. romanların müəllifidir. "Könül çırpıntıları", "Azərbaycanın aşıq və şair qadınları" və s. kitabları tərtib edib.
   
   5 sentyabr 1935 - Xalq artisti, teatrda, kinoda və televiziya tamaşalarında unudulmaz obrazlar yaratmış görkəmli aktyor Siyavuş Məmmədağa oğlu Aslan (1935 - 27.6.2013) anadan olub. Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Dram Teatrında çalışıb. Teatrda məşhur rolları: Dadaşbala (“Hicran”), Mindilli (“Nişanlı qız”) və s. Televiziya tamaşaları - “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s. Filmləri: “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Mənim ağ şəhərim”, “Yuxu”, “O dünyadan salam” və s. 
   5 sentyabr 1892 - Məşhur tarzən, pedaqoq, Xalq artisti Əhmədxan Məmmədrza oğlu Bakıxanov (1892 - 26.3.1973) anadan olub. Azərbaycan televiziyası və radiosunun xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri (hazırda kollektiv onun adını daşıyır) olub. “Azərbaycan ritmik muğamları", "Muğam, mahnı, rəng" kitablarının müəllifidir.
   5 sentyabr 1942 - Yazıçı-dramaturq, şair Ramiq Muxtar (Ramiq Muxtar oğlu Nağıyev) Naxçıvan şəhərində anadan olub. “Üfüqlər qızaranda”, “Əgər sevirsənsə” və s. pyesləri teatrlarda tamaşaya qoyulub.
   5 sentyabr 1944 - Şair, dramaturq, Əməkdar incəsənət xadimi Hidayət Xuduş oğlu Orucov Ermənistanın Mehri (Mığrı) rayonunun Maralzəmi kəndində doğulub. İrəvan Dövlət Azərbaycan Dram Teatrına (1968-1984) rəhbərlik edib. Azərbaycan Respublikasının milli məsələlər üzrə dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyib. 2012-ci ildən Azərbaycanın Qırğızıstanda səfiridir. 30-dan çox kitabı nəşr olunub: «Zirvə çağırır», «İrəvanda xal qalmadı», «Həsrət», «Burdan min atlı keçdi» və s.
   5 sentyabr 2002 - Prezident Heydər Əliyev "Kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb. 
   5 sentyabr 2007 - Aktyor Şahin Cəbrayılov (29.10.1949 -2007) vəfat edib. Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında (“Kökdən düşmüş piano”, “Qatarda”, “Topal Teymur”), filmlərdə ( “Yol əhvalatı”, “Alman klinikasına şəxsi səfər” və s.) yaddaqalan obrazlar yaradıb. 
   
   Dünya
    
   1 sentyabr 1854 - Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck, 1854-1921) anadan olub. 
   1 sentyabr 1875 - Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs 1875-1950) anadan olub. Tarzan haqqında romanların (26 roman), elmi-fantastik janrda “Marslılar” seriyasından əsərlərin müəllifidir.
   1 sentyabr 1922 - İtalyan aktyoru Vittorio Qassman (Vittorio Gassman; 1922-2000) anadan olub.
   1 sentyabr 1945 - Türk yazıçısı Mustafa Balel anadan olub. “Peyğəmbər çiçəyi”, “Asmalı pəncərə” və s. romanların müəllifidir.
   1 sentyabr 1970 - Fransız yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885-1970) vəfat edib. Əsərləri: “Keçmiş zamanların yeniyetməsi”, “Məhəbbət səhrası” və s.
   
   2 sentyabr 1852 - Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget, 1852-1935) anadan olub. Psixoloji romanların müəllifidir: “Andre Korneli”, “Şagird”, “Qadın ürəyi”, “Paris əxlaqından oçerklər”.
   2 sentyabr 1926 - Tanınmış rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlemenləri”, “Mimino”, “Payız marafonu” və s.

   3 sentyabr 1883 - Rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818 - 1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Dvoryan ocağı”, “Rudin” (romanlar), “Ovçunun qeydləri” (hekayələr toplusu), “Asya”, “Bahar suları” (povestlər) və s.
   3 sentyabr 1927 - Belarus yazıçısı Ales (Aleksandr) Adamoviç (1927-1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı” və s.
   3 sentyabr 1928 - Moldova yazıçısı və dramaturqu İon Drutse anadan olub. Əsərləri: “Mehribanlığımızın yükü”, “Ağ kilsə” romanları, “Kasa mare”, “Zınqırovlu kürən madyan” pyesləri və s.
    
   4 sentyabr 973 - Orta əsr ensiklopediyaçı alimi, tarix, coğrafiya, ədəbiyyat, astronomiya, riyaziyyat üzrə əsərlərin müəllifi Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni; 973 - 11.12.1048) Xarəzm vilayətinin Kət şəhərində doğulub.
   4 sentyabr 1768 - Fransa ədəbiyyatında romantizm cərəyanın banilərindən biri Fransua Rene de Şatobrian (François-Rene de Chateaubriand; 1768-1848) anadan olub. “Xristianlığın üzrü”, “Atalla və ya iki vəhşinin səhrada sevgisi”, “Rene və ya ehtirasların nəticəsi” romanlarının müəllifidir.
   4 sentyabr 1791 - Alman bəstəkarı Cakomo Meyerber (Yakob Mayer Ber, 1791-1864) anadan olub. Böyük həcmli operaların müəllifi kimi tanınıb: “Robert-şeytan”, “Quqenotlar” və s.
   4 sentyabr 1904 - Fransız rejissoru Kristian Jak (Christian-Jaque (Maudet); 1904-1994) anadan olub. Filmləri: “Fanfan-zanbaq” (1952, Kann festivalının qalibi), “Qara zanbaq”, “Yaşıl saqqal”, “Babetta müharibəyə gedir” və s.
   4 sentyabr 1913 - İtalyan kinorejissoru Renato Kastellani (Renato Castellani; 1913-1985) anadan olub. Filmləri: “Romeo və Cülyetta”, “Cüzeppe Verdi”, “Leonardo da Vinçinin həyatı” və s.
   4 sentyabr 1952 - Hind aktyoru Rişi Kapur anadan olub. Dünya şöhrətli Rac Kapurun oğludur. Filmləri: “Bobbi”, “Qisasçı”, “Belə yalançı”, “Qara şahzadə Acuba” (sovet-hind filmi) və s. 
   
   5 sentyabr 1568 - İtalyan filosofu Tommazo Kampanella (Tommaso Campanella, 1568-1639) anadan olub. Utopik sosializm mövzusunda “Günəş şəhəri” əsərinin müəllifidir.
   5 sentyabr 1817 - Rus yazıçısı və dramaturqu Aleksey Konstantinoviç Tolstoy (1817-1875) anadan olub. Əsərləri: “Gümüş knyaz” romanı, “İvan Qroznının ölümü”, “Çar Fyodor İvanoviç”, “Çar Boris” dramatik trilogiyası və s.
   5 sentyabr 1912 - Amerika bəstəkarı, avanqard musiqi əsərlərinin müəllifi Con Keyc (John Milton Cage; 1912-1992) anadan olub. 
   5 sentyabr 1946 - Əslən iranlı olan məşhur Britaniya rok müğənnisi, «Queen» qrupunun lideri Freddi Merkuri (Freddie Mercury - əsl adı Fərrux Balsara; 1946-1991) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan