Turizm şirkətləri münasib qiymətlərə mənalı istirahət təklif edirlər 
   
   Ölkəmizdə dünya müsəlmanlarının müqəddəs Qurban bayramı qeyd olunur. Bu münasibətlə 4 gün qeyri-iş günü elan olunub. Bu fürsətdən yararlanaraq bəzi vətəndaşlar bölgələrə və xaricə bir neçə günlük istirahətə hazırlaşırlar.
   Hər bayram tətilində olduğu kimi, Qurban bayramı günlərində də ölkəmizdə müxtəlif səyahətlər, rəngarəng turlarla zəngin dövr olur. Turizm şirkətləri maraqlı turpaketlər, hotel və restoranlar isə mənalı istirahət və əyləncə imkanları təklif edirlər. Təbii ki, bu təkliflərdən yararlanmaq hər kəsin imkanına bağlıdır.
   “Turizm.az” şirkəti Qurban bayramı ilə əlaqədar Azərbaycanın bir neçə turizm potensiallı regionlarına səfərlər təklif edir. Mingəçevir-Gəncə-Göygöl şəhərinə reallaşdırılacaq tur 1, 2 və 3 sentyabr tarixlərini əhatə edir. Turun qiyməti 125 manatdır. Buraya nəqliyyat, 3 dəfə səhər yeməyi, “Ağsaray Delux” hotelində gecələmək, ekskursiyalar, fotosessiya daxildir. Tura həmçinin Kür çayında gəmi gəzintisi, Mingəçevir su anbarı, Göygöl, İmamzadə türbəsi, Nizami məqbərəsi, Gəncə qapılarına ekskursiya daxildir. Həmçinin 5 yaşa qədər bir uşaq pulsuz iştirak edə bilər. 
   Şirkət tərəfindən həmçinin ölkəmizin müxtəlif bölgələrinə 2 və 3 sentyabr tarixlərində birgünlük turların təşkil olunacağını da bildirdilər. Qəbələ şəhərinə təşkil olunacaq turun qiyməti 21 manatdır. Bu qiymətə nəqliyyat xidməti, səhər yeməyi, intellektual, əyləncəli və idman oyunları, o cümlədən “Yeddi gözəl” şəlaləsinə, Nohur gölünə səyahət, “Qəbələnd” əyləncə mərkəzində istirahət daxildir. 
   “Cruise Travel” turizm şirkəti birgünlük turlarla yanaşı 1, 2 və 3 sentyabr tarixlərində Qax-Zaqatala-Balakən-Siqnaxi-İliya gölü turu təşkil edəcək. Turun qiyməti 129 manatdır. Bu qiymətə nəqliyyat, səhər yeməyi, çay süfrəsi daxildir. Bundan başqa, bələdçi xidməti və pulsuz limitsiz sayda fotosessiya təklif olunur. Həmçinin sentyabrın 2 və 3-ü Lənkəran-Lerik-Masallı-Yardımlıya tur təşkil olunacaq. Bu turun qiyməti 65 manatdır. 
   Şirkətin əməkdaşı bildirdi ki, bayram öncəsi turlar üçün müraciətlər artıb. Budəfəki bayram günlərində də bölgələrimizdə istirahət etmək üçün xeyli sayda müraciətlər olub. Şəki, Qəbələ, İsmayıllı, Qax və Qusar rayonları daha çox sifariş olunan məkanlar sırasındadır.
   “Online Travel” şirkəti də bölgələrə ikigünlük turlar təşkil edir. Bunlar Şamaxıda “Sakit göl”, Qubada “Holiday Villages” və Qalaaltıya olan turlardır. “Sakit göl” istirahət mərkəzində 1-2 sentyabrda 2 nəfərlik istirahət 180 manat təşkil edir. Bu qiymətə səhər yeməyi də daxildir.
   Bayram günlərində Qubanı seçənlər üçün 1-4 sentyabrda təşkil olunacaq istirahət paketinə hoteldə qonaqlamaqla yanaşı, pul ödəmədən konsertdə iştirak da təklif olunur. Göstərilən tarixlərdə hoteldə qonaqlamaq 220 manata başa gəlir. Bu qiymət konsertdə iştirakla səhər yeməyini də əhatə edir. 
   Bəzi turizm şirkətləri həm adi, həm də bayram günlərində Azərbaycanın müxtəlif regionlarına birgünlük turlar təklif edirlər. Avtobusla Qəbələ-Lahıc turunu 25 manata əldə etmək olar. 5 yaşa qədər uşaqların pulsuz aparıldığı tura nəqliyyat, səhər yeməyi, çay süfrəsi, ekskursiyalar daxildir. Eyni şərtlərlə Qəbələ-Şəki turunun qiyməti 23 manat, Gəncə-Göygöl turu 29 manat, Quba-Şahdağ turu isə 22 manatdır.
   Qeyd edək ki, ölkəmizdə daxili turizm ildən-ilə daha da populyarlaşır. Bunun səbəblərindən biri Azərbaycanda müasir turizm infrastrukturunun genişlənməsidirsə, digər səbəb xarici ölkələrə turların bahalaşması nəticəsində ölkə daxilində istirahət edənlərin sayının da artmasıdır.
   
   Fariz Hüseynov