Məlum olduğu kimi, “Qarabağ” futbol klubu Azərbaycanın futbol tarixində ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Oyunların başlamasına da sayılı günlər qalıb. Bu oyunları, azərbaycanlılar üçün daha da həyəcanlı və maraqlı edən təmsilçimizin bu yarışda iştirak etməsidir. 
   Qitənin ən nüfuzlu futbol turnirinin qrup mərhələsinin oyunlarında “Qarabağ” 3 səfər oyunu keçirəcək. Komandamızın qarşılaşacağı ilk rəqib isə İngiltərənin “Çelsi” klubu olacaq. Qarşılaşma sentyabrın 12-də Londonun “Stamford Bridge” stadionunda baş tutacaq. Bu maraq doğuran qarşılaşmanın keçiriləcəyi ərəfələrdə Londona səfərin qiymətini və oyun üçün biletlərin qiymətlərini araşdırmaq qərarına gəldik.
   Əlaqə saxladığımız turizm şirkətlərindən qiymətlər haqqında bir-birindən az da olsa, fərqli olan qiymətlər səsləndirdilər.
   Londonda baş tutacaq ilk oyunu stadionda izləmək istəyən azarkeşlər ən azı 1700-2000 manat arası məbləğdə pul xərcləməli olacaqlar. Bu məbləğin də əsas hissəsini nəqliyyat xərcləri təşkil edir. Həmin qarşılaşmanı izləmək üçün Azərbaycan Hava Yolları (AZAL) ilə birbaşa gediş-gəliş 1097 manat, tranzitlə qayıdış isə 960 manata başa gəlir.
   Məlumat üçün bildirək ki, qiymətlərə viza rüsumu daxil edilməyib. Göstərilən məbləğlərə sentyabrın 8-dən 14-nə kimi Londonda yalnız 3 ulduzlu hotellərdə qonaqlamaq və aviabilet əsas götürülüb. Oyunun keçiriləcəyi “Stamford Bridge” stadionunda biletlərin qiymətlərinə gəlincə isə bu biletləri onlayn olaraq 99.36 avrodan (196 manat) başlayan qiymətlərlə əldə etmək olar. 
   “Qarabağ”ın “Çelsi” ilə qarşılaşmasına təklif edilən ən bahalı yerin qiyməti isə 1473,43 avrodur. Bu çətin səfər oyununda komandamıza qalibiyyət arzulayırıq.
   
   Fariz