“Buta Airways” Tbilisi, Antalya və Moskva istiqamətlərində uçuşlara başlayıb
Xaricə səyahət edərkən əksər insanları maraqlandıran məqamlardan biri yol xərcinə qənaət edilməsidir. Bunun üçün loukoster (“low-cost”), yəni aşağı qiymətə təşkil olunan aviareyslərdən istifadə etmək olar.
Bu yaxınlarda Azərbaycanda ilk aşağıbüdcəli aviaşirkət - “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi olan “Buta Airways” şirkəti fəaliyyətə başladı. Şirkət artıq üç istiqamətdə - Tbilisi, Antalya və Moskva istiqamətlərində uçuşlar təşkil edir. Öncədən planlaşdırıldığı kimi, sentyabrın 1-də aviaşirkət Tbilisiyə ilk kommersiya reysini 106 sərnişin tutan “Embraer 190” təyyarəsi ilə həyata keçirib.
Loukosterin ilk reysi ilə bir qrup Azərbaycan jurnalisti də Gürcüstan paytaxtına səfər edib. Avialayneri qarşılayanlar arasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, “AZAL”-ın Gürcüstandakı nümayəndəsi Avtandil Əhmədov, Gürcüstan Aviasiya Administrasiyasının təmsilçiləri də olub.
Səfir Dursun Həsənov qeyd edib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Onun fikrincə, “Buta Airways” aviaşirkətinin fəaliyyəti turizm sahəsinin inkişafına və Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin möhkəmlənməsinə sanballı töhfə olacaq.
“Buta Airways” aviaşirkətinin direktoru Cəmil Manizadə Tbilisiyə təşkil olunacaq reyslərdən danışıb: “İlk mərhələdə, yəni qış cədvəlinə keçənə (oktyabrın 29-dək) qədər Tbilisiyə həftədə 4 reys həyata keçiriləcək, qış cədvəli dövründə isə reyslərin sayı artırılaraq 10-a çatdırılacaq”.
Şirkət rəhbəri bildirib ki, aviabiletlərin qiyməti 29 avrodan başlanır. Biletlər iki ay bundan əvvəl satışa buraxılıb: “Hazırda yüklənmə əmsalı 95-100 faiz civarındadır. Bugünkü reysin tamamilə dolu olması bizim qiymət siyasətimizin düzgün olmasını bir daha təsdiq edir. Eyni zamanda biz çoxsaylı potensial istiqamətləri nəzərdən keçiririk. Əvvəlcə əhalinin daha çox tələb duyduğu məntəqələrdən başlamağı qərara aldıq. Uçuşların coğrafiyası hökmən genişlənəcək”.
Cəmil Manizadə qeyd edib ki, aşağıqiymətli uçuşların başlanması turizmin inkişafına ciddi töhfə olacaq: “Hazırda Azərbaycanda turizmin inkişafı üçün müvafiq infrastruktur və digər şəraitə əlavə olaraq ucuz aviabiletlər seqmenti də təqdim edilir. Bu, sırf turizm potensialından əlavə, regionda aparıcı nəqliyyat şəbəkəsi rolu oynayan Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axını göstəricisinə də müsbət təsir edəcək”.
Qeyd edək ki, sentyabrın 1-də “Buta Airways” aviaşirkəti Antalya və Moskvaya da ilk aviareysləri yerinə yetirib.
İlk mərhələdə aviaşirkət Bakıdan Moskva (“Vnukovo” Hava Limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev, Tbilisi və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.
“Buta Airways” aviaşirkəti haqqında: minimal “büdcə” tarifi ilə alınan aviabiletlər qaytarıla və ya dəyişdirilə bilməz. “Standart” tarifi ilə alınan aviabiletləri dəyərinin 50 faizi tutulmaqla dəyişmək və ya qaytarmaq mümkün olacaq. “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edəcək.
Üç ölçünün (uzunluq, en, dərinlik) üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edəcək. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkün olacaq. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edəcək.
Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz təqdim olunacaq. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkün olacaq. Həmçinin təyyarədə müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkündür.
Uçuşa qeydiyyat aviaşirkətin saytında və müstəqil qeydiyyat köşklərində pulsuz olaraq mümkün olacaq. Bu, hava limanındakı qeydiyyat masalarında isə 3 avro təşkil edəcək.
“Buta Airways”in aviareyslərində eyniadlı bort jurnalı pulsuz olaraq paylanılacaq. Jurnalda ölkəmizdə və xaricdə maraqlı və tanınmayan yerlər, milli mətbəx və aviaşirkətin uçuşlar yerinə yetirdiyi bu və ya digər şəhərdə vaxtın necə səmərəli keçirilməsi haqqında məlumatlar dərc olunacaq.
Fariz Hüseynov