Hindistanın aparıcı musiqi qruplarından hesab olunan “Indian Ocean” qrupu sentyabrın 10-dan 14-dək ölkəmizdə olacaq.
   Hindistanın ölkəmizdəki səfirliyindən bildirilib ki, qrup sentyabrın 11-də saat 19:00-da Bakıda Dənizkənarı Milli Parkda və 13-də saat 19:00-da Sumqayıt Dənizkənarı bulvarında canlı musiqi proqramları ilə çıxış edəcək. Hindistanın Mədəni Əlaqələr Şurası (ICCR) və Hindistanın Azərbaycandakı Assosiasiyasının (IAA) təşkilatçılığı ilə keçiriləcək konsertlərə giriş sərbəstdir.
   “Indian Ocean” qrupu öz bənzərsiz musiqisi ilə Hindistanda və ölkə xaricində böyük coşqu yaradıb və uğur qazanıb. Bəzi tənqidçilər qrupun musiqisini mənəviyyat, fəallıq, ətrafmühitçilik, müharibənin faydasızlığı və mifologiya kimi mövzuları özündə ehtiva edən müasir rokun, klassik hind cazının, xalq musiqisinin vəhdəti kimi təsvir edirlər.
   “Indian Ocean” musiqi qrupunun ölkəmizə səfəri Hindistan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsidir.