Azərbaycan
13 sentyabr 1905 - Aktyor Süleyman Tağızadə (1905-1960) anadan olub. “O olmasın, bu olsun”, “Kölgələr sürünür” filmlərində çəkilib.
13 sentyabr 1933 - Görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Cahangir oğlu Məlikov anadan olub. Nazim Hikmətin pyesi əsasında yazdığı “Məhəbbət əfsanəsi” baleti bəstəkara dünya şöhrəti gətirib. “Füzuli”, “Vətən”, “Metamorfozlar” simfonik poemaları, “İki qəlbin poeması” baleti, “Dalğalar” operettası, 8 simfoniya və s. əsərlərin müəllifidir. “Sehrli xalat”, “26 Bakı komissarı”, “Axırıncı aşırım” və s. filmlərə, tamaşalara musiqi yazıb. Bakı Musiqi Akademiyasının professoru, AMEA-nın həqiqi üzvüdür.
13 sentyabr 1969 - Xalq rəssamı İsmayıl Hüseyn oğlu Axundov (15.4.1907 - 1969) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının ilk sədri olub. Qrafika, dekorativ-tətbiqi sənət, teatr rəssamlığı sahəsində çalışıb.
13 sentyabr 1997 - "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Prezident fərmanı verilib.
14 sentyabr 1880 - Yazıçı İbrahim Mehdi bəy oğlu Musabəyov (1880-1942) Qəbələdə anadan olub. Yazıçının "Neft və milyonlar səltənətində" povesti əsasında 1916-cı ildə eyniadlı ekran əsəri - Azərbaycanın ilk tammetrajlı bədii filmi çəkilib. Qazaxıstanın Karaqanda şəhərində sürgündə vəfat edib.
14 sentyabr 1911 - Şair, dramaturq, ədəbiyyatşünas Müzəffər Qasım oğlu Nəsirli (1911-1980) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Sələsüz kəndində anadan olub.
14 sentyabr 1939 - Yazıçı-dramaturq Aslan Qəhrəman oğlu Qəhrəmanlı (1939 - 19.1.2014) Ağstafa rayonunun Yenigün kəndində doğulub. Televiziya tamaşaçılarının rəğbətini qazanmış "Səni axtarıram", "Bağışla" və "Səndən xəbərsiz" pyeslərinin, povest və hekayələrin müəllifidir.
14 sentyabr 1957 - Şair, publisist Rüstəm Behrudi (Rüstəm Hidayət oğlu Alməmmədov) Ordubad rayonunun (Naxçıvan MR) Behrud kəndində anadan olub. "Yaddaşlara yazın", "Şaman duası" və s. kitabların müəllifidir.
14 sentyabr 1989 - Naxçıvan Dövlət Kukla Teatrı yaradılıb.
14 sentyabr 1992 - Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu, 15.6.1924 - 1992) vəfat edib. “Bahar gələndə”, “Sən mənimlə get”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm”, “Dilqəm” və s kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.
15 sentyabr 1905 - Azərbaycan Kukla Teatrının yaradıcısı, aktyor, rejissor Molla Ağa Bəbirli (1905-1970) anadan olub. “O olmasın, bu olsun” (Məşədi Qəzənfər), “Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib.
15 sentyabr 1918 - Nuru paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) Qafqaz İslam Ordusu Bakı şəhərini "Sentrokaspi diktaturası” hökuməti və daşnak tör-töküntülərindən azad edib. Şəhər 1918-ci ilin aprel-iyul aylarında S.Şaumyanın başçılıq etdiyi "Bakı Kommunası"nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak "Sentrokaspi" hökumətinin nəzarətində idi. Bakının azad edilməsi Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsidir. Bundan sonra milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı oldu.
15 sentyabr 1918 - Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşrinin - «Azərbaycan» qəzetinin ilk sayı çapdan çıxıb.
15 sentyabr 1943 - Xalq artisti, rejissor, ssenarist Xamis Bəkir oğlu Muradov Qax rayonunda doğulub. «Azərbaycanfilm» kinostudiyasının direktoru (2002-2011) olub. 50-dək sənədli filmin rejissoru, ssenari müəllifidir.
15 sentyabr 1959 - Müğənni, Xalq artisti Brilliant Süleyman qızı Dadaşova anadan olub.
15 sentyabr 2007 - Xalq rəssamı Elbəy Mirzə Həsən oğlu Rzaquliyev (17.6.1926 - 2007) vəfat edib. Əsərləri dünyanın bir sıra ölkələrində sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.
Dünya
13 sentyabr 1874 - Avstriya bəstəkarı Arnold Şönberq (Arnold Franz Walter Schoenberg, 1874-1951) anadan olub. Musiqidə ekspressionizmin nümayəndəsi, “Moisey və Aaron” operası, “İntizar” monodramı və s. əsərlərin müəllifidir.
13 sentyabr 1894 - İngilis yazıçısı və dramaturqu Con Boynton Pristli (John Boynton Priestley, 1894-1984) anadan olub. Əsərləri: “Mehriban dostlar”, “Mələk küçəsi”, “London dalanı”, “Cənnət guşəsi” (pyeslər), “Qretlidə qaranlıq” (roman) və s.
13 sentyabr 1905 - Fransız əsilli Amerika aktrisası, «Oskar» laureatı Klodet Kolber (Claudette Colbert - Lily Claudette Chauchoin, 1905-1996) anadan olub. Filmləri: “Kleopatra”, “Bu bir dəfə gecə baş verib”.
13 sentyabr 1924 - Fransız bəstəkarı Moris Jarr (Maurice Jarre; 1924-2009) anadan olub. 120-dək filmə musiqi yazıb, beynəlxalq mükafatlara layiq görülüb.
14 sentyabr 1321 - Böyük italyan şairi Dante Aligyeri (Dante Alighieri, 15.5.1265, Florensiya - 1321) vəfat edib. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm", "Əraf", "Cənnət") ibarətdir.
14 sentyabr 1618 - Holland əsilli ingilis rəssamı Piter Leli (Peter Lely - Pieter van der Faes, 1618-1680) anadan olub.
14 sentyabr 1898 - Rus aktyoru, SSRİ Xalq artisti Mark Prudkin (1898-1994) anadan olub. Filmləri: “Karamazov qardaşları”, “On iki stul” (1976) və s.
14 sentyabr 1914 - İtalyan rejissoru Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Filmləri: “Qanun naminə”, “İtalyansayağı boşanma” və s.
15 sentyabr 1613 - Fransız yazıçısı Fransua de Laroşfuko (François de La Rochefoucauld; 1613-1680) anadan olub. "Əxlaq qaydaları" əsəri ilə tanınır.
15 sentyabr 1789 - Məşhur Amerika yazıçısı Ceyms Fenimor Kuper (James Fenimore Cooper; 1789 - 14.9.1851) anadan olub. Tarixi və macəra romanlarının müəllifidir: "Casus", "Dəniz qulduru”, "Losman", "Sonuncu mogikan", "Ləpirçi" və s.
15 sentyabr 1890 - İngilis yazıçısı, detektiv əsərlər müəllifi Aqata Kristi (Agatha Mary Clarissa; 1890 - 12.1.1976) anadan olub. Əsərləri: “Rocer Ekroydun qətli”, “Yarımçıq portret”, “Şərq ekspressində qətl”, “Nildə ölüm”, “Qəhvəyi kostyumlu adam”, “Parıldayan sianid” və s. Xəfiyyə Puaro yazıçının 30-dan çox romanının qəhrəmanıdır.
15 sentyabr 1894 - Fransız kinorejissoru, «Oskar» laureatı Jan Renaur (1894-1979) anadan olub. Filmləri: “Böyük illüziya”, “Marselyoza”, “Fransız kankanı” və s.
15 sentyabr 1914 - Türk yazıçısı Orxan Kamal (Mehmet Raşit Öğütçü; 1914 - 2.6.1970) Adananın Ceyhan qəsəbəsində doğulub. “Baba evi”, “Cəmilə”, “Yad qızı”, “Xanımın ciftliyi”, “Qürbət quşları” kimi romanları, “Çörək davası”, “Arxa küçə”, “İşsiz” və s. hekayələri yazıçıya geniş oxucu rəğbəti qazandırıb.
15 sentyabr 1925 - Rus aktyoru, SSRİ Xalq artisti Kirill Lavrov (1925-2007) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Karamazov qardaşları”, “Odun ram edilməsi” və s.
15 sentyabr 1946 - Amerika kinorejissoru Oliver Stoun (William Oliver Stone) anadan olub. “Gecəyarısı ekspress” (ssenari), “Vzvod”, “Dörd iyulda doğulan” (rejissor) filmlərinə görə “Oskar” mükafatı qazanıb. “Con F.Kennedi. Dallasda atəşlər”, “Nikson” və s. siyasi kinolentlərin müəllifidir.
Hazırladı: Vüqar Orxan