Azərbaycan
16 sentyabr 1790 - Məşhur coğrafiyaşünas alim, səyyah Hacı Zeynalabdin Şirvani (1790-1837) anadan olub.
16 sentyabr 1909 - Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 - 22.4.1983) Bakıda doğulub. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.
16 sentyabr 1934 - Əməkdar incəsənət xadimi, tanınmış pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934-1997) Bakıda anadan olub.
16 sentyabr 1940 - Xalq artisti, televiziya və kino rejissoru Vasif Babayev anadan olub. 40-a yaxın sənədli filmin müəllifidir: «Odlar torpağı», «Qızılgüllər diyarı», «Sovet Azərbaycanı», «İçərşəhərin əbədi nağılı» və s.
17 sentyabr 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik qoymadan ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
17 sentyabr 1956 - Rəssam Müslüm Ömər oğlu Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.
18 sentyabr 1885 - Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Xalq artisti, akademik Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 - 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk musiqili komediyanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, digər musiqi əsərlərinin müəllifidir. Böyük bəstəkarın doğum günü Azərbaycanda Milli musiqi günü (“Üzeyir musiqi günü”) kimi qeyd olunur.
18 sentyabr 1885 - Bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (1885 - 28.7.1937) anadan olub. Azərbaycan professional musiqi sənətinin inkişafına mühüm töhfələr verib. «Şah İsmayıl», “Nərgiz” operalarının, simfonik və vokal əsərlərinin müəllifidir. Opera Teatrının rəhbəri və dirijoru, Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.
18 sentyabr 1978 - Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 - 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib, “Uzaq sahillərdə”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
18 sentyabr 1988 - XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905-1988) vəfat edib. Təbriz yaxınlığındakı Xoşnigab kəndində doğulub. Azərbaycan və fars dillərində yazıb. İlk kitabı 1931-ci ildə nəşr olunub. Sonralar şairin dördcildlik divanı, iki hissədən ibarət "Heydərbabaya salam" poeması, "Türkcə divan" toplusu, digər əsərləri çapdan çıxıb.
18 sentyabr 1994 - Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb.
19 sentyabr 1995 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (15.5.1922 - 1995) vəfat edib. Populyar mahnıların ("Sevgilim", "Leyla", "Bakı"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", “Yol ayrıcında”, “Ordan-burdan”), digər əsərlərin müəllifidir. «Bir qalanın sirri», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
19 sentyabr 1992 - Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida Nəsir qızı İmanquliyeva (10.10.1939 - 1992) vəfat edib. Yeni dövr ərəb ədəbiyyatına dair tədqiqatların, "Qələmlər birliyi", "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyalarının müəllifidir. Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru (1991-1992) olub.
Dünya
16 sentyabr 1462 - İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi, 1462-1525) anadan olub.
16 sentyabr 1888 - Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa, 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.
16 sentyabr 1893 - Macar əsilli ingilis kinorejissoru Aleksandr Korda (Alexander Korda - Sandor Laszlo Kellner, 1893-1956) anadan olub.
16 sentyabr 1924 - Amerika aktrisası Loren Bekoll (Lauren Bacall - Betty Joan Weinstein Perske; 1924 - 12.8.2014) anadan olub. Filmləri: “Milyonçuya necə ərə getməli”, “Şərq ekspressində qətl” və s. Fəxri “Oskar” mükafatı (2009) laureatıdır.
17 sentyabr 1908 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey, 1908-1973) anadan olub.
17 sentyabr 1931 - İtalyan əsilli Amerika aktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft - Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.
17 sentyabr 1939 - Tanınmış aktyor və rejissor, Rusiyanın Xalq artisti Vladimir Menşov Bakıda doğulub. Filmləri: “Moskva göz yaşlarına inanmır” ("Oskar" mükafatı, 1981), “Məhəbbət və göyərçinlər”(hər ikisində rejissor və aktyor) və s.
18 sentyabr 1905 - Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” mükafatı laureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson; 1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.
18 sentyabr 1961 - Fransız yazıçısı Bernard Verber (Bernard Werber) anadan olub.
19 sentyabr 1888 - Belçikanın Spa kurort-şəhərində dünyada ilk gözəllik müsabiqəsi keçirilib. Bu şəhərin şərəfinə gözəllik və sağlamlıq salonları “spa-salonlar” adlanır.
19 sentyabr 1911 - İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1983) Uilyam Cerald Qoldinq (William Gerald Golding, 1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.
19 sentyabr 1948 - Məşhur ingilis aktyoru Ceremi Ayrons (Jeremy John Irons) anadan olub. Filmləri: “Fransız leytenantın arvadı”, “Svanın məhəbbəti”, “Həyat dolanbaclarında” (“Oskar”, 1990), “Lolita“ və s.
Hazırladı: Vüqar Orxan