“Trandafur de la Moldova”dan “Laçın”adək 
   
   Sentyabrın 13-də Beynəlxalq Muğam Mərkəzində «Etnik musiqi inciləri» silsiləsindən növbəti konsert proqramı təqdim olundu. Konsert Azərbaycan və Moldova respublikaları arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyinə həsr edilmişdi. Azərbaycan və Moldova musiqiçilərinin birgə çıxışı bu konserti hər hansı milli musiqi gecəsi olmaqdan çıxararaq, dostluq görüşünə çevirdi.    
   Əvvəlcə Moldova Respublikasının Azərbaycandakı səfiri George Leuka və Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Murad Hüseynov çıxış etdilər. Səfir ölkələrimiz arasında mədəni-siyasi əlaqələrin möhkəmliyindən söz açaraq, bu işdə incəsənət xadimlərinin böyük rol oynadığını vurğuladı. 
   Murad Hüseynov da öz növbəsində «Etnik musiqi inciləri» silsiləsindən hər musiqi axşamının insanların dünyagörüşünün zənginləşməsində, musiqi zövqünün formalaşmasında xüsusi yerini qeyd etdi. Bildirdi ki, Azərbaycanda Moldova musiqisinə, Moldovada isə bizim musiqiyə yaxşı bələddirlər. Bir zamanlar «Moldova bülbülü» adlandırılan görkəmli vokalçı Mariya Bieşu dəfələrlə Bakıda çıxış edib, Bülbül adına vokalçıların beynəlxalq müsabiqəsində iki dəfə münsiflik edib. 
   Sonra konsert başladı. Konsertdə çıxış edən moldav milli musiqi qrupunun rəhbəri, tanınmış bəstəkar Konstantin Moskoviçi Azərbaycan musiqisinə heyranlığından, hələ illər öncə nay milli musiqi alətində bizim musiqilərimizdən ibarət disk yazdırmağından, Əməkdar artist Şirzad Fətəliyev ilə yaradıcılıq dostluğundan söz açdı.
   Hər iki xalqın milli və bəstəkar musiqisindən ibarət proqram ovqat və ritm keçidləri ilə kimsəni darıxmağa qoymadı. Konstantin Moskoviçi, Rad Talambuta (skripka), Dumitru Dubajiu (akkordeon) və Vladimir Andriandan (piano) ibarət kiçik musiqi qrupu ilə birlikdə istər Moldova, istərsə də Azərbaycan musiqisini onlarla birgə ifa edən balaban ustası Şirzad Fətəliyevin həmahəng çıxışı ürəyəyatan və qulaq oxşayan idi. Salon bu qrupun ifa etdiyi bütün musiqi nömrələrini, xüsusən də «Ayrılıq», «Sən gəlməz oldun», «Sənə də qalmaz» kimi məşhur mahnıların melodiyalarını həssaslıqla qarşıladı. Müğənni Valentina Nejel milli mahnıları, Moldova musiqisinin qeyri-rəsmi himni sayılan «Trandefur de la Moldova» nəğməsini oxuyarkən nə qədər şən və şıltaq təsir bağışlayır, musiqinin şux ovqatını səhnədən salona köçürürdüsə, «Laçın» xalq mahnımızı özünəməxsus şirinliklə ifa edərək həzin notlara köklədiyi salondan gur alqış qazandı. 
   Gecədə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Bakıda yaşayan Moldova vətəndaşları da iştirak edirdi. 
   
   G.Mirməmməd