İnstrumental ifaçılarımız daha bir festivalda uğur qazanıblar
   
   Xəbər verdiyimiz kimi, bu günlərdə əməkdar artistlər, tarzən Sahib Paşazadə və nağaraçı Kamran Kərimov Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalında ölkəmizi uğurla təmsil edərək müsabiqənin baş mükafatını qazanıblar.   
   Onların möhtəşəm çıxışından sonra festivalın münsiflər heyətinin üzvü, Çin bəstəkarı və dirijoru Liu Shun musiqiçilərimizi 7-16 sentyabr tarixində ölkəsində keçirilən IV İpək Yolu Beynəlxalq Musiqi Festivalına dəvət edib. Festivalın bədii rəhbəri olan Liu Shun azərbaycanlı musiqiçilərdən Səmərqənddə ifa etdikləri “Şur” kompozisiyasını təqdim etməyi xahiş edib.
   “Şur” kompozisiyası Çində də alqışlarla qarşılanıb. Sahib Paşazadə və Kamran Kərimov diplom və mükafata layiq görülüblər. İfaçılarımız Çinin Sian, Sianyan və Cencen şəhərlərində ayrıca konsert proqramı ilə də çıxış ediblər. Çinli musiqisevərlər Azərbaycan musiqisini hərarətlə qarşılayıblar.
   Təmsilçilərimiz həmçinin növbəti ildə keçirilən İpək Yolu festivalı çərçivəsində ustad dərsləri keçmək və konsert proqramı ilə çıxış etmək üçün dəvət olunublar. Qeyd edək ki, İpək Yolu musiqi festivalı ilk dəfə Çinin qədim Sian şəhərində keçirilib. Builki festivalda dünyanın 30-dan artıq ölkəsindən musiqiçilər iştirak edir. Festivalın keçirilməsində məqsəd mədəniyyətlərin mübadiləsi, sülh və dostluğun təbliğidir. Ölkəmiz bu musiqi bayramında ilk dəfə təmsil olunub.
   
   Lalə