Yeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qalıb. Bu il 697 nəfər gənc Mingəçevir Turizm Kollecinin tələbəsi adını qazanıb. Onlardan 529 nəfər əyani, 168 tələbə isə qiyabi formada təhsil alacaq. Həm 9 illik ümumtəhsil bazasından qəbul olmuş 257 gəncin, həm də 11 illik təhsil bazasından qəbul olmuş 440 nəfər gəncin imtahan göstəricilərində müsbət tendensiyalar qeydə alınıb. Təbrik nitqi ilə tədbir iştirakçılarına üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov bildirib ki, ölkə rəhbərliyi səviyyəsində elm və təhsilin inkişafına verilən hərtərəfli dəstək kollektivimizin önündə yeni perspektivlər açır. Biz müasir tədris-təlim metodlarından istifadə etməklə ixtisaslı kadr hazırlığında uğurlar əldə edirik.
Bilik günü təntənələrində təhsil ocağının beynəlxalq əlaqələrindən söhbət açılıb. Qeyd olunub ki, beynəlxalq əməkdaşlıq aparılan təhsil müəssisələrinin sırasına Belarus və Rusiyanın ali və orta ixtisas təhsil müəssisələrinin adları əlavə edilib. Sankt-Peterburq Turizm Hotel Servisi Kolleci, Brest Dövlət Texniki Universiteti və Polotsk Dövlət Universiteti ilə kollec arasında bağlanmış sazişlər tələbə və pedaqoqlara yeni fəaliyyət imkanları yaradır.