Azərbaycan
   
   20 sentyabr 1993 - Tanınmış kinorejissor, ssenarist, Azərbaycanın və Türkmənistanın Əməkdar incəsənət xadimi Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 - 1993) vəfat edib. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) və s. filmlərə quruluş verib. 
   
   21 sentyabr 1493 - Azərbaycan klassik təsviri sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd (1493-1555) anadan olub. Şah İsmayılın, sonra isə onun oğlu Təhmasib şahın zamanında Səfəvi sarayının rəssamı olub, dünya şöhrətli Təbriz miniatür məktəbinin əsasını qoyub. 
   21 sentyabr 1924 - Bakıda I Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.
   21 sentyabr 1938 - Şair, yazıçı Nurəngiz Gün (Quliyeva; 1938 - 20.12.2014) anadan olub. Azərbaycan Televiziyasının diktoru olub. “Var olun, qızlar...” filmində (Zeynəb) çəkilib. 
   21 sentyabr 1959 - Filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Nizami Qulu oğlu Cəfərov Qazax rayonunun Zəlimxan kəndində anadan olub. 2001-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin müdiridir. Milli Məclisin deputatıdır.
   
   22 sentyabr 1865 - Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Məşədi Rza oğlu Zeynalov (1865-1918) anadan olub. XX əsrin əvvəllərində "Nicat", "Səfa” və "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib. Görkəmli aktrisa Nəsibə Zeynalovanın atasıdır.
   22 sentyabr 1909 - İlk azərbaycanlı kinorejissorlardan Səməd Mərdanov (1909 - 6.8.1939) anadan olub. 1939-cu ildə çəkdiyi "Kəndlilər" bədii filmi Azərbaycan kinosunun qızıl fonduna daxildir. Görkəmli aktyor Mustafa Mərdanovun qardaşıdır.
   22 sentyabr 1929 - Publisist, ictimai xadim Əhməd bəy Qaraca (1929 - 6.5.2005) Türkiyədə anadan olub. Ailəsi 1924-cü ildə qardaş ölkəyə mühacirət etmişdi. M.Ə.Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyində fəallıq göstərib, 1955-ci ildən quruma rəhbərlik edib. Türkiyədə nəşr edilən “Azərbaycan” jurnalının redaktoru olub. 
   22 sentyabr 1929 - Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929 - 30.11.1997) anadan olub. BDU-nun professoru olub.
   22 sentyabr 1964 - Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (9.9.1876 - 1964) vəfat edib. Azərbaycan musiqisi tarixində “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.
   
   Dünya
    
   20 sentyabr 1878 - Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair, 1878-1968) anadan olub.
   20 sentyabr 1946 - Fransanın Kann şəhərində birinci beynəlxalq kinofestival açılıb. Sonrakı illərdə ənənə halını alan tədbir dünyanın ən nüfuzlu kino müsabiqələrindən biridir.
   20 sentyabr 1934 - İtalyan kinoaktrisası Sofi Loren (Sophia Loren - Sofia Villani Scicolone) anadan olub. Filmləri: “Çoçara” (“Oskar” mükafatı), “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah”, “Günəbaxanlar” və s. Üç ən nüfuzlu kinofestivalın (Kann, Berlin, Venesiya) mükafatçısıdır.
   20 sentyabr 1899 - Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss, 1899-1973) anadan olub.
   
   21 sentyabr Beynəlxalq sülh günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “Qlobal atəşkəs və zorakılıqsız gün” kimi təsis edilib.
   21 sentyabr 1866 - İngilis yazıçısı Herbert Uells (Herbert George Wells, 1866-1946) anadan olub. Elmi-fantastik əsərlərin müəllifidir: “Zaman maşını”, “Gözəgörünməz adam”, “Aləmlərin savaşı”, “Qarışqalar səltənəti” və s.
   21 sentyabr 1911 - Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.
    
   22 sentyabr 1694 - İngilis yazıçısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield, 1694-1773) anadan olub.
   22 sentyabr 1875 - Məşhur rəssam, bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus Çurlonis (Mikalojus Konstantinas Ciurlionis; 1875-1911) anadan olub.
   22 sentyabr 1893 - Rus filosofu və yazıçısı Aleksey Losev (1893-1988) anadan olub.
   22 sentyabr 1895 - Amerika aktyoru, «Oskar» mükafatı laureatı Pol Muni (əsl adı Meshilem Meier Weisenfreund; 1895-1967) anadan olub. 
   22 sentyabr 1938 - Amerika aktyoru və müğənnisi Din Rid (Dean Cyril Reed, 1938-1986) anadan olub. 
   
   Hazırladı: Vüqar Orxan