Sentyabrın 21-də Xəzər Universitetinin “Dünya” konsert salonunda Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində məşhur pianoçu, UNESCO-nun “Sülh artisti” Eliso Bolkvadzenin konserti və ustad dərsi oldu.
Universitetin yaradıcısı, professor Hamlet İsaxanlı çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı. O, dahi bəstəkarın yaradıcılığından söz açaraq bildirdi ki, Şərqdə ilk opera və operettanın yaranması Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Onun bənzərsiz yaradıcılığının zirvəsi isə “Koroğlu” operasıdır. Bəstəkar bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri və s. yaradıb. Marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazan Üzeyir bəyin “Sevgili canan”, “Sənsiz” romansları Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur.
Sonra Xəzər Universitetinin kamera orkestrinin (bədii rəhbər Zülfiyyə Sadıqova, dirijor Cavad Tağızadə) müşayiəti ilə Eliso Bolkvadze pianoda Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizami” simfoniyası, “1001” gecə baletindən Şəhrizadın bayramı, Sərdar Fərəcovun “Sübh duası”, Y.Haydnın “London simfoniyası”ndan parça, Sevda Rəhimovanın “Həzin dalğalar”, D.Şostakoviçin “Vals N2”, L.V.Bethovenin fortepiano və simfonik orkestr üçün konsertini səsləndirdi.
Yüksək ifa məharəti ilə yadda qalan konsert alqışlarla qarşılandı.
S.Fərəcov