Sentyabrın 20-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında Rusiyanın fortepiano triosu maraqlı konsert proqramı ilə çıxış etdi. Proqramda F.Şopen, F.Kreysler, J.Massne, S.Raxmaninov, A.Pyazolla və digər görkəmli bəstəkarların əsərləri yüksək ustalıqla ifa olundu.
   Beynəlxalq müsabiqələr laureatı Filipp Kopaçevskinin ifasında romantizmin parlaq nümayəndəsi, görkəmli Polşa bəstəkarı və pianoçusu F.Şopenin “Polonez As-dur” əsəri səsləndi.
   Ardınca beynəlxalq müsabiqələr laureatı Sergey Doqadin və Filipp Kopaçevski J.Massnenin “Düşüncə” əsərini təqdim etdilər. Maraqla izlənilən konsertin növbəti musiqi parçasını da (F.Kreysler “Çin tamburini”, “Liebesleid”) - S.Doqadin və F.Kopaçevski yüksək səviyyədə ifa etdilər.
   Növbəti əsər - A.Pyazollanın “Grand tango”su isə beynəlxalq müsabiqələr laureatı Boris Andrianov və Filipp Kopaçevski səsləndirdi.
   Konsertin sonunda isə üç pianoçu dünya musiqisinin qüdrətli simalarından biri, rus bəstəkarı S.Raxmaninovun “2 saylı Elegik trio” əsərini ifa edərək zaldan gur alqışlar aldılar.
   
   Minacət Əhmədova