Azərbaycan 
   
   23 sentyabr 1928 - Opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 - 16.12.2011) anadan olub. 1951-1988-ci illərdə Dövlət Opera və Balet Teatrının solisti olub. Əsas partiyaları: Nigar ("Koroğlu" - Ü.Hacıbəyli), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl" - M.Maqomayev), Sevil ("Sevil" - F.Əmirov) və s.
   23 sentyabr 1929 - Yazıçı-jurnalist Əfqan Hacıağa oğlu Əsgərov Şirvanın Qarabağlılar kəndində anadan olub. "Həsrət də bir vüsaldır", "Qartal əfsanəsi" romanları, "Dədə Bəhmən" trilogiyası və s. əsərlərin müəllifidir. 
   23 sentyabr 1929 - Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929 - 4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında anadan olub. Azərbaycan Pedaqoji Universitetinin professoru, mixi yazılar üzrə mütəxəssis olub.
   23 sentyabr 1935 - Rejissor, Əməkdar incəsənət xadimi Ziyafət Əmir oğlu Abbasov anadan olub. "Azərbaycanfilm" kinostudiyasının direktoru (1995-2001) olub, "Mozalan" satirik kinojurnalı üçün bədii və sənədli süjetlər çəkib.
   23 sentyabr 1969 - Şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 - 20.1.1990) doğulub. 20 Yanvar qırğınında şəhid olub. 
   23 sentyabr 1970 - Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910 - 1970) vəfat edib. Əsərləri: "Toy", "Xoşbəxtlər", “Nişanlı qız”, "Əliqulu evlənir" (pyes), "Nina" (roman), "Vəfasız", "Son faciə" (povest) və s. “Arşın mal alan” (1945)", "O olmasın, bu olsun”, "Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenarilərinin, Q.Qarayevin “Yeddi gözəl” baletinin librettosunun müəllifidir.

   24 sentyabr 1928 - Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Hacağa oğlu Babayev (1928 - 26.8.1983) Bakıda doğulub. Filmləri: “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.
   24 sentyabr 1936 - Xalq artisti, bədii-qiraət ustası Əminə Yusifqızı anadan olub. Gənc Tamaşaçılar, Milli Dram teatrlarında, "Azərbaycanfilm"də çalışıb, filmlərin dublyajında iştirak edib, "Şərikli çörək", "Sən niyə susursan?" və s. filmlərdə çəkilib.
   24 sentyabr 1943 - Xalq rəssamı, heykəltəraş, professor Fuad Məmmədəmin oğlu Salayev Bakıda anadan olub. Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorudur. 
    
   25 sentyabr 1890 - Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.
   25 sentyabr 1913 - Xalq rəssamı Nüsrət Möhsün oğlu Fətullayev (1913 - 1.10.1987) Lənkəran rayonunda anadan olub. Akademik Dram Teatrının baş rəssamı olub. Respublika Dövlət mükafatına (1972) layiq görülüb. 
   25 sentyabr 1913 - Yazıçı Şəmistan Yusif oğlu Əsgərov (1913-1985) anadan olub. Kitabları: “Müstəntiq Cəbrayılov”, “İtmiş güllə”, “Üç düşmən”, “Ayna” və s. 
   25 sentyabr 1935 - Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 - 6.6.1997) anadan olub.
   25 sentyabr 1946 - Xalq artisti, opera müğənnisi Şahlar Həsənağa oğlu Quliyev anadan olub. 1975-ci ildən Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: “Leyli və Məcnun”da Nofəl, «Şah İsmayıl»da Aslan şah, «Koroğlu»da Həsən xan və s.
   
   Dünya 
    
   23 sentyabr 1901 - Çexiya yazıçısı və şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1984) laureatı Yaroslav Seyfert (Jaroslav Seifert, 1901-1986) anadan olub.
   23 sentyabr 1913 - Gürcü bəstəkarı, SSRİ Xalq artisti Aleksey Davidoviç Maçavariani (1913-1995) anadan olub. “Pələng dərisi geymiş pəhləvan”, “Otello” baletlərinin müəllifidir. 
   23 sentyabr 1930 - Amerika cazmeni və pianoçusu Rey Çarlz (Raymond Charles Robinson; 1930-2004) anadan olub.
   23 sentyabr 1938 - Alman kinoaktrisası Romi Şnayder (Romy Schneider - Rosemarie Magdalena Albach-Retty; 1938-1982) Vyanada doğulub. Filmləri: “Əsas sevməkdir”, “Kristina”, “Köhnə tüfəng”, “Trotskinin qətli” və s.
   
   24 sentyabr 1896 - Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald, 1896 - 21.12.1940) anadan olub. Əsərləri: “Cənnətin bu tərəfində”, “Gözəl və lənətlənmişlər”, “Böyük Qetsbi” və s.
    
   25 sentyabr 1765 - Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski, 1765-1833) anadan olub. Məşhur əsərləri: “Vətənlə vida” (polonez), “Zelida və Valkur və ya Bonapart Qahirədə” (opera) və s.
   25 sentyabr 1897 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1949) Uilyam Folkner (William Cuthbert Faulkner; 1897-1962) anadan olub. “Avqustda işıq”, “Şəhər”, “İmarət” və s. romanların müəllifidir.
   25 sentyabr 1906 - Rus bəstəkarı, dirijor, pedaqoq Dmitri Dmitriyeviç Şostakoviç (1906 - 9.8.1975) anadan olub. “Burun”, “Msen qəzasının ledi Makbeti” operaları, “Qızıl əsr”, “İşıqlı bulaq” baletləri, 15 simfoniya və s. əsərlərin müəllifidir. Moskva Konservatoriyasında gələcəyin məşhur bəstəkarlarına (Azərbaycandan Q.Qarayevə) dərs deyib.
   25 sentyabr 1920 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Sergey Bondarçuk (1920-1994) anadan olub. Filmləri: “İnsanın taleyi”, “Hərb və sülh”, “Onlar Vətən uğrunda vuruşmuşlar” və s.
   25 sentyabr 1944 - Amerika aktyoru, prodüser, ssenarist Maykl Duqlas (Michael Kirk Douglas) anadan olub. Filmləri: “Qu quşunun yuvası üzərindən uçarkən” (“Oskar”, 1975, prodüser), “Uoll-Strit” (“Oskar”, 1987, aktyor), “Əsas instinkt” və s.
   25 sentyabr 1952 - İspan kinorejissoru Pedro Almodovar (Pedro Almodovar Caballero) anadan olub. İki dəfə “Oskar” mükafatı laureatıdır: “Anam haqqında hər şey” (1999), “Onunla danış” (2002).
   
   Hazırladı: Vüqar Orxan