Sentyabrın 25-də Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Heydər Əliyev Sarayında Azərbaycan opera və operettalarından ibarət “Əbədi musiqi” adlı konsert-tamaşa təqdim olunub. Konsert-tamaşa Azərbaycan Televiziya və Radiosu, “Mədəniyyət” kanalı, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında gerçəkləşib.
Musiqili gecədə Xalq artisti Fidan Hacıyeva, əməkdar artistlər Anar Şuşalı, İnarə Babayeva, müğənnilər Fərid Əliyev, Afaq Abbasova, İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Fəridə Məmmədova, Nərgiz Kərimova, Taleh Yəhyayev, Cahangir Qurbanov, Mahir Tağızadə və digərləri çıxış ediblər. Solistləri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun baş dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib.
* * *
Sentyabrın 26-da Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına yekun vurulub.
Festivalın Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunan son konsertində Yeni Münhen Filarmonik Orkestri (Almaniya) dirijor Fuad İbrahimovun idarəsi ilə çıxış edib. Proqramda S.Raxmaninovun “Fortepiano və orkestr üçün Konsert ¹2 op.18”, M.İ.Qlinkanın “Ruslan və Lüdmila” operasından uvertüra, N.A.Rimski-Korsakovun - “Şəhrizad” simfonik süitası səslənib.