Sentyabrın 23-də Düsseldorf şəhərinin Robert Şuman Konsert Zalında Azərbaycanın və SSRİ-nin Xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr olunmuş mədəniyyət axşamı keçirilib.
Tədbir Düsseldorf şəhər meriyasının himayəsi altında Müslüm Maqomayev Mədəniyyət Fondu ilə tərəfdaşlıqda Azərbaycanın Almaniyadakı diasporunun təmsilçisi Lalə Süleymanovanın rəhbərlik etdiyi “Pinocchio e.V.” cəmiyyəti tərəfindən təşkil edilib.
Tədbirdə Nordreyn Vestfaliya əyalətinin deputatları Filip Taser və İonis Vatalis, Düsseldorf Əcnəbilər Şurasının sədri Katarina Kabata, Müslüm Maqomayev Fondunun baş direktoru Marqarita Kosareva, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski, Rusiyanın Düsseldorfdakı baş konsulunun müavini Valeri Sidorov qonaq qismində iştirak ediblər.
Açılış mərasimində çıxış edən qonaqlar Müslüm Maqomayevin həyat və yaradıcılığı, müğənnilik istedadı haqqında söhbət açıb, ürək sözlərini bölüşüblər.
Konsertdə “Xəzər virtuozları” kamera orkestrinin müşayiəti ilə opera solistləri İlham Nəzərov, Dəmir və Tatyana Zakirovların ifalarında dünya korifeylərinin əsərlərindən və Müslüm Maqomayevin repertuarından mahnılar səslənib. Çexiyada yaşayan şair Lalə Cəfərova dünya şöhrətli müğənninin xatirəsinə həsr etdiyi şeirini oxuyub. Konsert boyu Müslüm Maqomayevin məşhur mahnılarının videoyazıları nümayiş etdirilib.
Sonda Müslüm Maqomayev Fondunun prezidenti, mərhum müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək təşkilatçılara, ifaçılara və qonaqlara dərin minnətdarlığını bildirib.