TÜRKSOY-un baş katibi, Qazaxıstanın Əməkdar incəsənət xadimi, professor Düsen Kaseinovun 70 illik yubileyi vətənində beynəlxalq festivalla qeyd edilib.
Karaqanda şəhərində təməlini Düsen bəyin qoyduğu «Musiqili Sarıarka» beynəlxalq festivalının 19-cusu onun yubileyinə həsr olunub. Sentyabrın 15-dən 20-dək davam edən festivalda Azərbaycan musiqisi də təmsil olunub.
Sentyabrın 15-də «Dostlarım - sərvətimdir» devizi ilə keçirilmiş konsertdə gənc skripkaçımız, beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev, TÜRKSOY-un Gənclər kamera orkestrinin dirijoru Mustafa Mehmandarov iştirak ediblər.
Karaqanda vilayətinin hakimi Erlan Koşanovun təbrikindən sonra səhnəyə çıxan yubilyar «Dostlarımı məndən yaxşı tanıyan ola bilməz. Ona görə də icazənizlə, bu gecəni şəxsən idarə edim» deyərək, təşəbbüsü ələ alıb. O, çıxışları elan etməklə yanaşı, şirin zarafat və xoş sözlərlə məclisə xüsusi ab-hava bəxş edib.
Konsertdə ifa edilən əsərlərin çoxu yubilyara və onun mərhum həyat yoldaşı Aleksandraya ithaf olunmuşdu. Ailə estafetinin etibarlı əllərdə olduğunu isə Düsen bəyin nəvələri - Əminə və Aliyə öz çıxışları ilə sübuta yetiriblər.
Kaseinovun yubileyində Qazaxıstan və Azərbaycan musiqiçiləri ilə yanaşı Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna, ABŞ, İsrail və Türkiyədən gəlmiş musiqiçilər də çıxış ediblər. Proqram ən müxtəlif janrlarda - xalq musiqisindən klassik və müasir bəstəkarların əsərlərinə və caz kompozisiyalarınadək ifalarla yadda qalıb. Hətta Ukraynanın «Şaxtyor» futbol klubunun nümayəndələri də səhnəyə çıxaraq, yubilyara onun soyadı yazılmış 70 nömrəli köynəyi komandanın adından hədiyyə ediblər.
Elə həmin gün Karaqanda Mərkəzi parkının qarşısındakı “Ulduz xiyabanı”nda Düsen Kaseinovun şərəfinə ulduz lövhəsinin açılışı da olub.
Bir zaman yalnız vilayət səviyyəli sənət bayramı kimi yaradılan «Musiqili Sarıarka» ötən illər ərzində Karaqanda vilayətinin simvoluna çevrilməklə yanaşı, ölkədən uzaqlarda da tanınan musiqi kollektivlərinin formalaşmasına təkan verib.
Gülcahan Mirməmməd