Sentyabrın 25-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əsl mehriban qonşuluğu özündə ehtiva edən maraqlı konsert proqramı keçirildi. 
   Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan Azərbaycan Dövlət Xor Kapellası ilə Tbilisi Festival Xorunun birgə layihəsi həm gözlənilən, həm də gözlənilməz idi. Ona görə gözlənilən idi ki, gürcü xor oxuma ənənəsinin tarixi əsrlərə söykənir və qonşularımızın bu musiqili hünəri dünyada məşhurdur. Necə deyərlər, gürcü xorunu hər yerdə gözləyirlər. Ona görə gözlənilməz idi ki, Tbilisidə məhz Bakıdakı festivalda çıxış etmək niyyəti ilə üç kollektivin birləşməsindən yaradılmış bu xor həm də bizim xor kapellası ilə birlikdə kiçik proqram hazırlamışdı. 
   Əvvəlcə Azərbaycan Dövlət Xor Kapellası bədii rəhbər və baş dirijor, Xalq artisti Gülbacı İmanovanın idarəsi ilə öz çıxışını təqdim etdi. 
   Sonra Tbilisi Festival Xorunun bədii rəhbəri, Gürcüstan Xor Cəmiyyətinin sədri, professor Liana Çonişvili səhnəyə çıxdı. Xanım Çonişvili salonu Azərbaycan dilində salamlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə dəvət üçün minnətdarlığını bildirdi. Çıxışını yüksək qiymətləndirdiyi Azərbaycan Dövlət Xor Kapellası ilə daim yaradıcılıq əlaqələri saxladıqlarını, Gülbacı İmanovanı Gürcüstanda keçirilən xor müsabiqələrində münsif kimi görməkdən məmnun olduqlarını deyən bədii rəhbər festival xorunda birləşmiş kollektivlər barədə də məlumat verdi. 
   Qonaqlarımız proqramı «yol kiçiyindir» prinsipi ilə tərtib etmişdilər deyə, səhnəyə əvvəlcə Y.Mikeladze adına Tbilisi Mərkəzi Musiqi Kollecinin 14-18 yaşlı şagirdlərindən ibarət xor çıxdı. Xor oxumağa başlayınca festivalın bukletində bu kollektiv barədə Tbilisinin müxtəlif orkestrləri ilə fəal əməkdaşlıq etməsi haqqında fikrə heç şübhəmiz qalmadı. Həqiqətən də, yeniyetmə xor artistlərinin ifası mükəmməl idi. 
   Şagirdlərin ardınca səhnəyə qalxan 28 gürcü gözəli - Tbilisi Qızlar xorunun çıxışı isə təkcə repertuar zənginliyi ilə diqqəti çəkmədi. A-kapella oxuyan qızlar həm də xor ifaçılığının yaratdığı çərçivədə əsl artistizm nümayiş etdirdilər. Kollektiv təkcə çox səs üçün yazılmış və işlənmiş vokal nümunələrini ifa etmirdi, məşhur melodiyaların insan səsi ilə imitasiyası, vokalizlər də gözəl səslənirdi. Qızlar xorunu İ.Cavaxişlvili adına Tbilisi Dövlət Universitetinin tələbə xoru əvəz etdi. 
   Nəhayət, konsertin sonunda bütün kollektivlərin birgə çıxışı salona toplaşanların yadından uzun müddət çıxmayacaq. 
   
   G.Mirməmməd