Bu müddətdə mərkəzdə istirahət edənlərin sayı 40 min nəfərdən çox olub
   
   Şahdağ Turizm Mərkəzi sentyabrın 25-dən etibarən 2017-ci ilin yay turizm mövsümünü bağlı elan edib. Sayca beşinci olan bu yay turizm mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı 40 min nəfərdən çox olub.
   Şahdağ Turizm Mərkəzində istirahət edənlərin 68 %-ni xarici ölkələrdən olan turistlər təşkil edib. Xarici turistlərin də 83%-i ərəb ölkələrindən gəlib.
   Ümumilikdə əcnəbi qonaqların, xüsusilə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman, Küveyt və İraq kimi ölkələrdən olan qonaqların nisbətən çoxluq təşkil etdiyi bu mövsüm də bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalıb. Mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər həyata keçirilib, ilk dəfə olaraq dağ paraşütü (paraplan) xidməti istifadəyə verilib.
   Eləcə də bu mövsüm ilk dəfə olaraq uşaqlar üçün ingilisdilli “Şahdağ” yay düşərgəsi beynəlxalq pilot layihəsinin əsası qoyulub. Üç ay davam edən layihə çərçivəsində yay düşərgəsində Azərbaycan, Türkiyə, İran, Fransa, BƏƏ, Gürcüstan, Rusiya və Mərakeşdən 160-dan çox uşaq iştirak edib. Həmçinin “ASAN Məktub” layihəsi ilə birlikdə təşkil olunan xeyriyyə aksiyası nəticəsində ölkəmizin müxtəlif bölgələrindən aztəminatlı ailələrdən olan 25 uşağa xeyriyyə məqsədilə düşərgədə birhəftəlik istirahət hədiyyə edilib.
   Mərkəzdə qış mövsümünün açılışı dekabr ayının ilk ongünlüyünə təsadüf edəcək. Qış mövsümünün açılışına kimi isə mərkəz ərazisində beşulduzlu “Şahdağ Hotel və Spa” fəaliyyət göstərəcək.
   
   Fariz