Vyana Musiqi və Təsviri İncəsənət Universitetində “Dmitri Şostakoviç və Cövdət Hacıyev: tarixin səhifələri” adlı elmi məruzə axşamı təşkil olunub. Tədbir C.Hacıyevin 100 illik yubileyinə və D.Şostakoviçin anadan olmasının 111-ci ildönümünə həsr edilib.
   Tədbirdə Vyanada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova məruzəçi qismində çıxış edib. O, hər iki bəstəkarın həyat və yaradıcılığına nəzər salıb, D.Şostakoviç məktəbi və üslubunun XX əsr klassik musiqi sənətinin inkişafında oynadığı roldan bəhs edib. Bildirilib ki, D.Şostakoviç keçmiş SSRİ məkanında simfonik musiqinin inkişafına xüsusi töhfə verib, Azərbaycan bəstəkarları Qara Qarayev və Cövdət Hacıyev onun məktəbinin yetirmələri olublar. 1934-cü ildə dahi Üzeyir Hacıbəylinin dəvəti ilə ilk dəfə Bakıya səfər edən D.Şostakoviç həyatının sonuna kimi dəfələrlə Azərbaycanda olub və buradakı klassik musiqi yaradıcıları ilə sıx əlaqələr saxlayıb. 2006-cı ildə D.Şostakoviçin 100 illik yubileyi münasibətilə Bakıda beynəlxalq festival keçirilib.
   F.Tahirova Azərbaycan simfonik musiqisinin yaradıcılarından biri, tanınmış ictimai xadim və pedaqoq Cövdət Hacıyevin yaradıcılığından söz açaraq, D.Şostakoviçin onun yaradıcılığına göstərdiyi təsirdən danışıb, iki bəstəkarın arasında sıx dostluğu vurğulayıb.
   Məruzədə D.Şostakoviçin C.Hacıyev və digər Azərbaycan musiqiçiləri ilə əlaqələri tarixi faktlar, fotolar, sənədlər və audiofayllar əsasında sənədli xronika kimi təqdim olunub.
   Sonra C.Hacıyevin oğlu - musiqişünas İsmayıl Hacıyev atası ilə bağlı xatirələrini danışıb. C.Hacıyev və D.Şostakoviçin əsərlərindən parçalar səsləndirilib.