Xəbər verdiyimiz kimi, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı sentyabrın 26-da Azərbaycan Dövlət Filarmoniyasında keçirilən konsertlə başa çatdı. Yeni Münhen Filarmonik Orkestrinin təqdim etdiyi konsert sentyabrın 18-dən davam edən musiqi bayramının son akkordu oldu.
Bir neçə il əvvəl yaradılmış, 17 ölkənin gənc musiqiçisini birləşdirən orkestrin baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur. Dirijor kimi özünəməxsus interpretasiyaları ilə seçilən F.İbrahimov konsertin proqramının tərtibinə də maraqlı tərzdə yanaşmışdı. Konsertdə rus bəstəkarları S.Raxmaninov, M.Qlinka və N.Rimski-Korsakovun klassik musiqidə xüsusi yeri olan əsərləri səsləndi.
Əvvəlcə orkestr M.Qlinkanın "Ruslan və Lüdmila" operasının uvertürasını ifa etdi. Sonra pianoçular üçün məharət göstəricisi sayılan S.Raxmaninovun "Fortepiano ilə orkestr üçün 2-ci konserti" elan edildi. Əsərin solo fortepiano partiyasını Xalq artisti, Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə ifa etdi. Bu konsertin ifası böyük kollektivə rəhbərlik edən pianoçunun həm də yaxşı formada olduğunu sübuta yetirdi. Cavan dirijorun müxtəlif ifaçılıq məktəblərinin yetirmələrindən ibarət orkestri məharətlə idarə etməsi, alətlərin ifadəli və həmahəng səslənişi də dinləyicilərin diqqətindən yayınmadı.
Rimski-Korsakovun "Şəhrizad" simfonik poeması "Min bir gecə" nağıllarının motivləri əsasında yazılmış əsərdir. Orkestr isə bu ifada da salondan "bravo", "bis" alqışları qopardı. Dinləyicilərin davamlı alqış sədaları altında kollektiv Üzeyir bəyin "Koroğlu"sundan uvertüranı çalmaqla festivalın son akkordunu vurdu.
Beləcə, "Koroğlu" ilə başlayıb "Koroğlu" ilə bitən daha bir Üzeyir Hacıbəyli festivalı tarixə qovuşdu.
Gülcahan