27 sentyabr - Dünya turizm günü və Azərbaycan turizm işçilərinin peşə bayramı respublikamızın bölgələrində tarixi-mədəni və turistik məkanlara yürüş, konsert proqramları, sərgi, dəyirmi masa və digər tədbirlərlə qeyd edilib. 
   
   Şəkidə silsilə tədbirlər
   
   Dünya turizm günü münasibətilə Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət mərkəzində tədbir keçirilib. Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mirvari Zeynalova ölkəmizdə turizmin inkişafı, bölgənin turistik imkanları barədə danışıb.
   Mədəniyyət mərkəzinin Ə.Şəkili adına zurnaçılar dəstəsi və L.Abdullayev adına diyarşünaslıq klubu Qala divarları ərazisində konsert proqramı ilə çıxış edib. Konserti şəhər sakinləri, N saylı hərbi hissənin əsgərləri və Şəkiyə gələn turistlər maraqla izləyiblər.
   Şəki şəhər Nakam adına Mərkəzi kitabxanada 27 sentyabr - Dünya turizm günü münasibətilə dəyirmi masa təşkil edilib. Şəhər 2 saylı Uşaq musiqi məktəbinin kollektivi isə turizm işçilərinin peşə bayramını konsert proqramı ilə təbrik edib.
   
   Lənkəranda bölgə turizmini əks etdirən sərgilər
   
   Lənkəran Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı, şəhər İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin iştirakı ilə Heydər Əliyev Mərkəzində cənub bölgəsinin turizm potensialını əks etdirən fotosərgi keçirilib. Sərgidəki foto və posterlərdə Lənkəranla yanaşı Astara və Lerik rayonlarının da turistik məkanları, mehmanxana xidmətləri əksini tapıb. 
   Tədbirdə regional idarənin rəisi Vüsal Nəsirli, mədəniyyət müəssisələrinin nümayəndələri, rayon sakinləri, həmçinin Polşadan olan turist qrupu iştirak edib.
   Lənkəran TİM-in direktoru İlqar Əzimov ölkəmizdə turizm sahəsində aparılan ardıcıl işlər barədə məlumat verib.
   Lənkəran Mədəniyyət mərkəzində də turizm fotosərgisi təşkil edilib və TİM-in köməkliyi ilə çəkilmiş Lənkəranın turizm potensialını əks etdirən sənədli film nümayiş olunub. 
   
   Ağstafa, Qazax və Tovuzda çeşidli tədbirlər, “Keşikçidağ” qoruğuna yürüş
   
   Dünya turizm günü münasibətilə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi Ağstafa, Qazax və Tovuz rayonlarında fəaliyyət göstərən muzeylərdə “açıq qapı” aksiyası, rəsm qalereyalarında rəsm müsabiqələri keçirilib. 
   Qazax rayonu üzrə Avey dağ mağaralarında, Tovuz rayonu üzrə Göytəpə yaşayış məskənində, Ağstafa rayonu üzrə “Abidələr“ parkında maraqlı tədbirlər keçirilib.
   Regional idarənin rəisi R.Quliyev kollektivlə birlikdə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna ekskursiya edərək, “İlham” zirvəsinə qalxıb, xatirə şəkilləri çəkdiriblər. Burada sərhədçi əsgərlərimiz üçün konsert proqramı təqdim olunub.
   Dünya turizm günü ilə əlaqədar “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun təşkilatçılığı ilə Ağstafa şəhərindəki Səməd Vurğun parkında “Keşikçidağı tanıdaq” adlı sərgi keçirilib. Sonra tədbir iştirakçılarının “Keşikçidağ” mağaralarına yürüşü təşkil olunub. Qoruğun direktoru Musa Mursaqulov və AMEA-nın Arxeologiya və Entoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mansur Mansurov yürüş iştirakçılarına qoruğun əhatə etdiyi yerlər, buradakı tarixi məkanlar, təbiət və abidələr haqqında ətraflı məlumat veriblər.
   İştirakçılara qoruğun şəkilləri əks olunmuş hədiyyələr, geyim əşyaları və bukletlər təqdim edilib.
   Qazax rayon Mərkəzi kitabxanasında “Azərbaycanın Qərb qapısı” başlıqlı sərgi təşkil edilib. Sərgidə “Qazaxın turizm potensialı”, “Tanrı möcüzəsi: Damcılı”, “Tarixi abidələrimiz” başlıqlı bölmələrdə 150-dən çox kitab nümayiş olunub.

   Bərdə, Qax və Zaqatalada dəyirmi masa
    
   Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Bərdə Turizm İnformasiya Mərkəzi ilə birlikdə Dünya turizm günü ilə bağlı şəhər kitabxanasında dəyirmi masa təşkil edib. 
   Tədbirdə Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov əlamətdar günün tarixindən, Azərbaycanda turizmin inkişafından, bu sahəyə dövlət qayğısından danışıb. Mərkəzin mütəxəssisi Tariyel Məmmədli, rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Mehriban Əliyeva mövzu ilə bağlı çıxış ediblər. Şəhərin qədim tarixi və mədəni irsinin turizm baxımından əhəmiyyəti vurğulanıb, son illər Bərdəyə gələn turistlərin sayının artdığı qeyd olunub.
   * * *
   Qax MKS-nin Cəfər Cabbarlı adına Mərkəzi kitabxanasında “Azərbaycanın turizm məskənləri - Qax" adlı dəyirmi masa keçirilib. MKS-nin direktor müavini A.Əfəndiyeva Dünya turizm günü barədə məlumat verib. Tədbirdə Qax rayonunun təbiəti, qoruqları, abidələri, istirahət mərkəzləri haqqında ətraflı söz açılıb, rayonun istirahət kompleksləri barədə video-çarx nümayiş olunub. İştirakçılar Dünya turizm gününə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.
   * * *
   Dünya turizm günü ilə bağlı Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində də dəyirmi masa keçirilib. Zaqatala Turizm İnformasiya Mərkəzinin direktoru Tərlan Əhmədov “Zaqatalada turizmin inkişafı və prioritetləri” mövzusunda məruzə edib. 
   Bildirilib ki, hazırda rayon ərazisində 11 turizm obyekti fəaliyyət göstərir. Zaqatala şəhərindəki IV-V əsrlərə aid alban məbədi, 1830-cu ildə tikilmiş “Zaqatala qalası”, Car kəndindəki XIV əsrə aid “Cingöz” qala, digər tarixi məkan və abidələr, həmçinin rayonun əsrarəngiz təbiət guşələri turistlərdə böyük maraq doğurur.
   Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova turizm sektorunun ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyətindən bəhs edib, bu sahədə çalışanlara uğurlar arzulayıb.
   
   “Oxu, öyrən, gəz, tanı doğma Azərbaycanı”
   
   Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələrində Dünya turizm günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
   Sumqayıtın Tarixi Muzeyində 26-27 sentyabrda “açıq qapı” günü elan edilib. Şəhər kitabxanalarında mövzu ilə bağlı sərgilər nümayiş olunub. M.Ə.Sabir adına kitabxana-filialda “Azərbaycan turizmi tərəqqi yollarında” adlı dəyirmi masa keçirilib. Mərkəzi uşaq kitabxanasında “Oxu, öyrən, gəz, tanı doğma Azərbaycanı” adlı virtual səyahət nümayiş olunub.
   Abşeron rayon Ceyranbatan qəsəbə Uşaq incəsənət məktəbində şagirdlərin Azərbaycanın tarixini, milli adət-ənənələrini, təbiətini əks etdirən rəsmləri sərgilənib.
   
   Kitabxana və muzeylərdə Turizm günü 
   
   Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının mədəniyyət ocaqlarında da müxtəlif tədbirlər təşkil olunub.
   Ağdaş rayon MKS-də keçirilən dəyirmi masada və Tarix-diyarşünaslıq muzeyində təşkil edilmiş tədbirdə turizm işçilərinin peşə bayramının əhəmiyyətindən söz açılıb.
   Göyçay rayon Heydər Əliyev parkında kitab sərgisi və konsert proqramları təşkil edilib. Zərdab Mədəniyyət mərkəzində “Turizmin inkişafı iqtisadi yüksəlişin göstəricisidir” adlı məlumat günü keçirilib. Tarix-diyarşünaslıq muzeyi və Zərdabinin ev-muzeyində “açıq qapı” günləri elan olunub. Ucar rayon Mədəniyyət mərkəzində sərgi və konsert proqramı təşkil edilib.