Azərbaycan
   
   29 sentyabr 1833 - Şair, rəssam, xəttat, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab (1833-1918) Şuşada doğulub. "Təzkireyi-Nəvvab" toplusunda Qarabağda doğulmuş 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplayıb. Şuşada "Məclisi-fəramuşan" ədəbi məclisini təşkil edib. 
   
   30 sentyabr 1920 - Tanınmış rejissor, aktyor Lətif Səfərov (1920 - 9.12.1963) Şuşada anadan olub. “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının sədri olub.
   30 sentyabr 1945 - Şair Vaqif İbrahim (Vaqif Əliyar oğlu İbrahimov; 1945-1983) Şəkidə doğulub. M.Qorki adına Ümumittifaq mükafatının laureatı olub. Kitabları: “Bu torpaqda doğulanlar”, “Ömür balladası”, “Dünyanın keşiyində”, “Vaxtla üz-üzə” və s. 
   30 sentyabr 1950 - Bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli (17.4.1884 - 1950) vəfat edib. Üzeyir Hacıbəylinin böyük qardaşıdır. "Aşıq Qərib" operası, "Əlli yaşında cavan" musiqili komediyasının müəllifidir. 
   30 sentyabr 1962 - Xalq artisti, aktrisa Laləzar Bəşir qızı Mustafayeva Balakən rayonunun Qullar kəndində doğulub. 1990-cı ildən Milli Dram Teatrında çalışır. Filmləri: “Qəzəlxan”, “Güllələnmə təxirə salınır!” və s. 
   30 sentyabr 1991 - Xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (23.10.1953 - 1991) avtomobil qəzasında dünyasını dəyişib. 
   30 sentyabr 2002 - "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun qəbul edilib. 
   
   1 oktyabr 1932 - Aktyor, mədəniyyət xadimi Əkbər Fərzəli oğlu Fərzəliyev (1932-1999) Qusar rayonunda anadan olub. 1963-cü ildə Ləzgi Xalq Teatrını təşkil edib. Kinoda yaddaqalan obrazlar yaradıb: “Qızmar günəş altında” (Aydın), “Koroğlu” (Eyvaz). 
   1 oktyabr 1949 - Şair, tərcüməçi Vaqif Bayatlı (Vaqif İsib oğlu Cəbrayılov) Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Kitabları: “Unudulacaq bütün sevdalar”, “Ölənəcən sevmək azdır!” və s.
   1 oktyabr 1960 - Xanəndə, Xalq artisti Mənsum İbrahimov Ağdamın İmamqulubəyli kəndində anadan olub. 1993-cü ildən opera tamaşalarında çıxış edir. "Qarabağ" muğam üçlüyünün rəhbəridir. “Şöhrət” ordeni ilə təltif olunub. Azərbaycan Milli Konservatoriyasının professorudur.
   1 oktyabr 1965 - Qəzəlxan şair Əlağa Vahid (Əlağa Məmmədqulu oğlu İsgəndərov; 1895-1965) vəfat edib. Zəngin yaradıcılığı ilə yanaşı, Nizami, Xaqani, Füzuli, Nəvai və s. şairlərin farsca qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
   1 oktyabr 1962 - Rejissor, Əməkdar incəsənət xadimi Bəhram Məcid oğlu Osmanov Gəncədə doğulub. Milli Dram Teatrında çalışıb. Füzuli, Gəncə, Lənkəran teatrlarında, Azərbaycan televiziyasında tamaşalara quruluş verib. 2012-ci ildən Gənc Tamaşaçılar Teatrının baş rejissorudur. 
    
   2 oktyabr 1897 - Görkəmli şairə, maarifçi və xeyriyyəçi, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşudbanu Natəvan (1832-1897) vəfat edib. Şuşada "Məclisi-üns" ədəbi birliyinin yaradıcısı olub. Qəzəlləri klassik Azərbaycan poeziyasında xüsusi yer tutur. Rəssamlıqla da məşğul olub. Xeyriyyəçiliyi ilə tanınıb.
   2 oktyabr 1913 - Əməkdar incəsənət xadimi, dirijor Çingiz Zülfüqar oğlu Hacıbəyov (1913 - 18.1.1971) anadan olub.
   2 oktyabr 1923 - Əməkdar mədəniyyət işçisi Turan Cavid (Turan Hüseyn Cavid qızı Rasizadə; 1923 - 12.9.2004) anadan olub. Azərbaycan Teatr İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) dərs deyib, C.Cabbarlı adına Dövlət Teatr Muzeyinin, Hüseyn Cavidin Bakıdakı ev-muzeyinin direktoru işləyib.
   2 oktyabr 1924 - Azərbaycanda fəhlə və kəndli müxbirlərin birinci qurultayı keçirilib.
   2 oktyabr 1935 - Şair, yazıçı, tərcüməçi, Əməkdar incəsənət xadimi Səyavuş İmran oğlu Məmmədzadə anadan olub. Azərbaycan ədəbiyyatından rus dilinə, rus, bolqar, Ukrayna, Polşa ədəbiyyatından Azərbaycan dilinə tərcümələr edib. 
   2 oktyabr 1953 - Ədəbiyyatşünas, akademik Teymur Həşim oğlu Kərimli Naxçıvan MR Ordubad rayonunun Nürgüd kəndində anadan olub. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktorudur.
   2 oktyabr 1981 - Xalq artisti Həsənağa Salayev (5.12.1921- 1981) vəfat edib. "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Aygün" və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. 
   2 oktyabr 1982 - Gəncədə Nizami Gəncəvinin xatirə muzeyi açılıb.
   2 oktyabr 1992 - Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Xocavənd (keçmiş Martuni) rayonunun mərkəzini və azərbaycanlılar yaşayan 30-dək kəndi bütünlüklə zəbt ediblər. 
   
   Dünya
    
   29 sentyabr 1810 - İngilis yazıçısı Elizabet Qaksell (Elizabeth Cleghorn Gaskell, 1810-1865) anadan olub.
   29 sentyabr 1904 - Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski (1904-1936) anadan olub. Əsərləri: “Polad necə bərkidi?”, “Fırtınadan doğulmuşlar”.
   29 sentyabr 1547 - Görkəmli ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra, 1547 - 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə dünya şöhrəti qazanıb. Digər əsərləri: “Parnasa səyahət” (poema), “Persiles və Sigizmunda” (roman).
   29 sentyabr 1912 - İtalyan kinorejissoru Mikelancelo Antonioni (Michelangelo Antonioni, 1912 - 30.7.2007) anadan olub. Filmləri: “Fotoböyütmə”, “Gecə”, “Peşəsi - reportyor” və s. Avropanın əsas kinofestivallarının qalibi, fəxri «Oskar» mükafatçısıdır.
   29 sentyabr 1913 - Amerika kinorejissoru Stenli Kramer (Stanley Earl Kramer, 1913 - 19.2.2001) anadan olub. “Məğrurluq və ehtiras”, “Nürnberq prosesi”, “Bu çılğın, çılğın, çılğın dünya”, “Domino prinsipi” və s. 
   29 sentyabr 1932 - Amerika rejissoru, iki dəfə «Oskar» laureatı Robert Benton anadan olub.
   
   30 sentyabr 1715 - Fransız filosofu Etyen de Kondilyak (Etienne Bonnot de Condillac, 1715-1780) anadan olub.
   30 sentyabr 1917 - Tanınmış teatr rejissoru, Rusiyanın Xalq artisti, pedaqoq Yuri Lyubimov (1917-2014) anadan olub. Uzun illər Taqanka Teatrının rəhbəri olub, 1984-1988-ci illərdə məcburi mühacirətdə (sovet vətəndaşlığından məhrum edilərək) yaşayıb. 
   30 sentyabr 1921 - İngilis aktrisası, «Oskar» laureatı Debora Kerr (Deborah Jane Kerr-Trimmer, 1921-2007) anadan olub.
   30 sentyabr 1928 - Yəhudi əsilli Amerika yazıçısı və pedaqoqu, Nobel sülh mükafatı (1986) laureatı Eli Vizel (Elie Wiesel; 1928-2016) anadan olub.
   30 sentyabr 1964 - İtalyan aktrisası Monika Belluççi (Monica Anna Maria Bellucci) anadan olub.
   
   1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. BMT Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli qətnaməsinə əsasən təsis olunub. 1991-ci ildən qeyd olunur.
   1 oktyabr Beynəlxalq Musiqi Günüdür. UNESCO tərəfindən 1975-ci il oktyabrın 1-də təsis olunub. Dünyada konsert proqramları ilə qeyd edilir.
   1 oktyabr 1912 - Rus tarixçisi, filosof, şair Lev Qumilyov (1912-1992) anadan olub. Qədim türk tarixinə dair əsərlərin müəllifidir: “Böyük çöl”, “Hunlar Asiya və Avropada” və s.
   1 oktyabr 1927 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Oleq Yefremov (1927-2000) anadan olub.
   1 oktyabr 1930 - Fransız aktyoru Filipp Nuare (Philippe Noiret; 1930-2006) anadan olub.
   
   2 oktyabr 1832 - İngilis etnoqrafı və yazıçısı Eduard Bernett Teylor (Edward Burnett Tylor; 1832-1917) anadan olub.
   2 oktyabr 1869 - Hindistanda milli-azadlıq hərəkatının ideoloqu, filosof Mahatma Qandi (Mohandas Karamchand Gandhi; 1869-1948) anadan olub.
   2 oktyabr 1951 - İtaliya-Amerika müğənnisi və aktrisası Romina Pauer (Romina Francesca Power) Los-Ancelesdə doğulub. Keçmiş həyat yoldaşı Al Bano ilə 70-80-ci illərin ən məşhur dueti olub.
   
   Hazırladı: Vüqar Orxan