Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 1 oktyabr - Beynəlxalq musiqi gününə həsr edilmiş konsert olub.
Konsertdən əvvəl muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbir barədə fikirlərini jurnalistlərlə bölüşüb. Bildirib ki, bu il muzey 50 illiyini qeyd edir və bu əlamətdar hadisə münasibətilə silsilə tədbirlər keçiririk. Bugünkü tədbir də bu qəbildəndir.
Muzeyin şöbə müdiri Xanım Abdinova tədbir iştirakçılarına Beynəlxalq musiqi günü haqqında məlumat verib. Bildirib ki, UNESCO-nun Beynəlxalq Musiqi Şurasının təşəbbüsü ilə təsis edilən əlamətdar gün 1975-ci ildən başlayaraq hər il oktyabrın 1-də qeyd edilir. Beynəlxalq musiqi gününün məqsədi xalqlar arasında dostluğu, mədəniyyətlərin qarşılıqlı zənginləşməsini reallaşdırmaqdır.
Sonra Bakı Musiqi Akademiyası tələbələrinin və Respublika İncəsənət Gimnaziyası şagirdlərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Konsertdə C.Cordani, F.Şopen, P.Çaykovski, N.Rimski-Korsakov, İ.Kalman, Ü.Hacıbəyli, Niyazi və S.Rüstəmovun əsərləri səsləndirilib.