Oktyabrın 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar artist Gülnaz İsmayılovanın “Həyat musiqidir” adlı konsert proqramı keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalının və filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşan konsert görkəmli dirijor, SSRİ Xalq artisti Niyazinin xatirəsinə həsr olunub.
Konsertdə “Qaytağı”, “Koroğlu” operasından Nigarın, “Nərgiz” operasından Nərgizin ariyaları, “Arzu”, “Sevil” operasından Sevilin ariyası və Dilbərin mahnısı, “Azərbaycan rəqsi”, “Qızıl üzük”, “Bakı haqqında mahnı”, “Gözün aydın” operettasına uvertüra, “Arşın mal alan” operettasından Əsgər və Gülçöhrənin dueti, “Evləri var xana-xana”, “Xumar oldum”, “Azərbaycan elləri” əsərləri səsləndirilib. Həmçinin Avropa bəstəkarlarının operalarından ariyalar ifa olunub.
Konsertdə əməkdar artistlər Gülnaz İsmayılova və Anar Şuşalı çıxış ediblər. Solistləri Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri müşayiət edib.