AMEA-nın Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının birgə əməyinin bəhrəsi olan “Azərbaycan musiqi tarixi” kitabının II cildi oxucuların ixtiyarına verilib.
“Elm” nəşriyyatında çapdan çıxmış kitab institutun şöbə müdiri, akademik Zemfira Səfərovanın layihəsi əsasında və onun elmi redaktorluğu ilə nəşr edilib. Nəşrə akademik Teymur Bünyadov və professor Tariyel Məmmədov rəy veriblər. Kitabda XX əsrin əvvəllərində fəaliyyətə başlamış bəstəkarlarımızın həyat və yaradıcılığı xronoloji ardıcıllıqla tədqiq olunub.
Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfə olan nəşr giriş və 13 hissədən ibarətdir.
Girişdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 1921-ci ildə yazdığı “Vəzifəyi musiqiyyəmizə aid məsələlər” proqram məqaləsinin əsas tezis və vəzifələri açıqlanır, araşdırılır, dövrün ümumi mənzərəsi verilir.
Birinci hissənin ilk fəsli Ü.Hacıbəylinin həyat və yaradıcılığına həsr edilib. Növbəti fəsillərdə bəstəkarın “Leyli və Məcnun” operası, “Arşın mal alan” operettası, “Koroğlu” operası, “Sənsiz” və “Sevgili canan” musiqi qəzəllərindən bəhs olunur. Həmçinin Ü.Hacıbəyli musiqişünas-alim kimi təqdim edilir, onun elmi yaradıcılığında nəzəri məsələlər araşdırılır.
İkinci hissədə XX əsrin əvvəllərində Azərbaycan musiqi mədəniyyətində yaranmış yeni janrlar - opera və operettalar haqqında diskussiyanın gedişi təhlil edilir.
Əsərin üçüncü hissəsi görkəmli bəstəkar Müslüm Maqomayevin həyat və yaradıcılığına həsr olunub, bəstəkarın “Şah İsmayıl” və “Nərgiz” operaları araşdırılıb.
Dördüncü hissədə Azərbaycan musiqi mədəniyyətinin inkişafı, dövrün ümumi səciyyəsi verilib. Beşinci hissə Azərbaycan musiqi mədəniyyətinin qurucularından olmuş bəstəkar Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığına həsr edilib. 1920-1930-cu illərdə Azərbaycan musiqi mədəniyyətinin inkişafı haqqında məlumat altıncı hissədə verilib. Yeddinci hissə rus bəstəkarı M.Qliyerin Bakıdakı yaradıcılıq fəaliyyəti haqqındadır. Səkkizinci hissə gənc ikən həyatdan getmiş, lakin musiqimizin inkişafında önəmli iz qoymuş istedadlı bəstəkar Asəf Zeynallıdan bəhs edir. Bəstəkarın vokal, kamera və simfonik əsərləri təhlil olunur.
İkinci cildin sonrakı hissələrində 1930-40-cı illərdə Azərbaycan musiqi mədəniyyəti, görkəmli bəstəkarlarımızın əsərləri araşdırılır. Əfrasiyab Bədəlbəylinin həyat və yaradıcılığı, publisistik fəaliyyəti, dirijor və bəstəkar Niyazinin həyat və yaradıcılığı, “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası, “Çitra” baleti, Səid Rüstəmovun mahnı yaradıcılığı, musiqili komediyaları, instrumental əsərləri, dirijorluq və pedaqoji fəaliyyəti ilə bağlı araşdırmalar aparılıb.
Cildin sonuncu hissəsi Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevaya həsr olunub. Kitabda, həmçinin dövrün görkəmli ifaçıları Hüseynqulu Sarabski, Bülbül, Şövkət Məmmədova, Qəmər Almaszadə, Rəşid Behbudov, eləcə də Azərbaycanın unudulmaz qadın bəstəkarı Şəfiqə Axundova haqqında məlumatlar yer alıb.