Azərbaycan
   
   11 oktyabr 1983 - Xalq yazıçısı Süleyman Rəhimov (10.12.1900 - 1983) vəfat edib. "Şamo", "Saçlı", “Ağbulaq dağlarında”, “Mahtaban”, "Mehman", "Medalyon", "Qafqaz qartalı" və s. əsərlərin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin sədri olub, partiya-dövlət vəzifələrində çalışıb, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.
   
   12 oktyabr 1813 - Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu ərazisində) Gülüstan kəndində imzalanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları - Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Talış (Lənkəran) xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilib. 
   12 oktyabr 1961 - Tarzən, Əməkdar artist Malik Məmməd oğlu Mansurov anadan olub.
   12 oktyabr 1990 - Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov, 21.3.1924 - 1990) vəfat edib. "Mikayıl Azaflı və Narınc xatın" dastanı, "Qoca qartal" şeirlər kitabının müəllifidir.
   
   13 oktyabr 1938 - Əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifov (1938 - 26.9.2008) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s. 
   13 oktyabr 1940 - Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev; 1940 - 24.8.2017) Bakıda anadan olub. «Bir saatlıq xəlifəlik» və «Baş tutmayan hiylə» operettalarının, uşaqlar üçün musiqili səhnə əsərlərinin ("Tülkü, tülkü, tünbəki...", “Rəqəmlərin bəhsi” və s.), çoxsaylı mahnıların müəllifidir.
   13 oktyabr 1949 - Rejissor, Əməkdar incəsənət xadimi Cahangir Həsənağa oğlu Zeynallı anadan olub. “Əlaqə” bədii, çoxsaylı sənədli filmlərin müəllifidir. 
   13 oktyabr 1967 - Aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897 - 1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru olub, Gürcüstanın Xalq artisti adına layiq görülüb. “Böyük dayaq" filmində (1962) Yarməmməd roluna çəkilib.
   13 oktyabr 1974 - Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadə (15.12.1909 - 1974) vəfat edib. Dünyanın bir çox ölkələrində fərdi sərgiləri keçirilən rəssamın əsərləri müxtəlif xarici muzeylərin daimi eksponatları sırasındadır. 
   
   Dünya 
   
   11 oktyabr 1885 - Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac, 1885-1970) anadan olub. "Məhəbbət səhrası", "İlan yığnağı", "Allah və Mammon", "İsanın həyatı", "Quzu" romanları, "Asmodey" pyesi və s. əsərlərin müəllifidir.
   11 oktyabr 1942 - Hind aktyoru Amitabh Baççan (Amitabh Bachchan) anadan olub. Məşhur filmləri: “Qisas və qanun”, “Gecikmiş intiqam”, “Andlar və vədlər”, “Üç qardaş”, “Taleyin hakimi” və s.
   
   12 oktyabr 1896 - İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale, 1896-1981) anadan olub.
   12 oktyabr 1924 - Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 - 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.
   12 oktyabr 1935 - İtalyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti, 1935 - 6.9.2007) anadan olub.
   
   13 oktyabr 1921 - Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - Ivo Livi, 1921-1991) anadan olub. Çəkildiyi filmlər: “Etiraf”, “Vəhşi”, “Silah seçimi”.
   13 oktyabr 1934 - Rus komediya aktyoru Saveli Kramarov (1934-1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.
   
   Hazırladı: Vüqar Orxan