Bir ay davam edəcək festivalın uğurla reallaşması üçün bütün zəruri məsələlər həllini tapıb
   
   Oktyabrın 12-də “JW Marriott Absheron” hotelində II Bakı Şopinq Festivalına həsr olunmuş mətbuat konfransı keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər aidiyyəti qurumların rəsmiləri iştirak edirdi.
   Əvvəlcə Ticarət festivalının yerli televiziya kanalları və xarici ölkələrdə yayımlanacaq reklam çarxı nümayiş olundu.
   Nazir Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafına xüsusi diqqət yetirilir, dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamının icrası ilə bağlı bir sıra işlər həyata keçirilib. Həmçinin ölkə başçısının müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq mühüm addımlar atılmaqdadır.
   
   Tədbir bir sıra yeniliklərlə yadda qalacaq
   
   Nazir vurğuladı ki, oktyabrın 15-dən noyabrın 15-dək ikinci dəfə təşkil olunacaq Bakı Şopinq Festivalı Azərbaycan Turizm Şurası tərəfindən reallaşdırılan ilk layihədir. Festivalın keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib və təşkilati məsələləri nazirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu həyata keçirir. Bundan əlavə, festivalın təşkilində müvafiq qurumlar da yaxından iştirak edirlər.
   Qeyd olundu ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan festival turizmin inkişafı üçün yeni bir mərhələdir və beynəlxalq təcrübəyə əsaslanır. Tədbirin keçirilməsi təkcə ticarət deyil, ölkəmizin adət-ənənələri və tarixini tanıtmaq baxımından da öz müsbət tərəfləri ilə seçilir.
   Əbülfəs Qarayev bildirdi ki, festivalın əsas məqsədi mövsümarası vaxtlarda turistlərin sayını artırmaqdan ibarətdir: “İkinci Bakı Şopinq Festivalı bir sıra yeniliklərlə yadda qalacaq. Birinci və ikinci festivallar arasında həm mövsüm, həm də təbliğat baxımından müəyyən fərqlər olacaq. İkinci festival Azərbaycana turist axınını daha da stimullaşdıracaq. Qarşıdakı festivalda xüsusi turist paketləri hazırlanaraq turizm agentliklərinə təklif ediləcək. Bu paketlərə aviabilet, transfer, sığorta, hoteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Alıcılar festival boyunca xüsusi hədiyyə kartları qazanacaq, eləcə də xüsusi uduşlu lotereyalar və endirim kuponları əldə edəcəklər. Turistləri və alıcıları həvəsləndirmək üçün ticarət mərkəzlərində interaktiv oyunlar təşkil olunacaq. Festivalın gedişində paytaxtın Fəvvarələr meydanında “Fan” zonası fəaliyyət göstərəcək”.
   Diqqətə çatdırıldı ki, ilk dəfə olaraq “Bravo” hipermarketlər və “Neptun” supermarketlər şəbəkəsi də festivala qoşulub. Marketlərdə satılan yalnız elektron avadanlıqlar və bu tipli məhsullar festivala daxildir. Bundan başqa, bir sıra apteklər də festivalda təmsil olunacaqlar.
   
   Festivala qoşulan ticarət və xidmət obyektlərinin sayı artıb
   
   Nazir qeyd etdi ki, ikinci festivala qoşulan ticarət və xidmət obyektlərinin sayında da ciddi artım var: “Əgər ilk festivalda tərəfdaş qismində çıxış edən müəssisələrin sayı 33 idisə, budəfəki festivalda 111 olacaq. Bu da üç dəfə artım deməkdir. Birinci festivalda əlavə dəyər vergisini (ƏDV) cəmi 172 şirkət qaytarıb. Budəfəki festivalda isə 467 müəssisənin ƏDV-ni qaytarması nəzərdə tutulur. Bu festivala ümumilikdə 578 müəssisə qatılacaq. Festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək ki, bu da alış-verişin əhəmiyyətini artıracaq. Gələcəkdə keçiriləcək festivallarda ölkəmizə gələn turistlər üçün xüsusi imtiyaz kartının hazırlanması da nəzərdə tutulur”.
   O da vurğulandı ki, festival çərçivəsində müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları ticarət mərkəzlərində xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəklər. Həmin mallara “Tax Free” imkanı təqdim olunacaq. Bundan başqa, festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlərin təşkili planlaşdırılır. Festivalda əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax-Free” sistemindən istifadə edə biləcəklər və bu, dünya təcrübəsində bir ilkdir. Bu da öz növbəsində daxili turizmin inkişafına əlavə təkan verəcək.
   Nazir bildirdi ki, ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayında ciddi artım var. Ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin sentyabrında turistlərin sayında 7 faiz artım müşahidə olunur.
   
   “Vergilər Nazirliyi festivalın keçirilməsi üçün bütün imkanlarını səfərbər edəcək”
   
   Mətbuat konfransında çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirdi ki, ölkə rəhbərinin 2017-ci il fevralın 20-də imzaladığı “Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman festivalın yüksək səviyyədə təşkilinə böyük təsir göstərib: “İkinci Şopinq Festivalının keçirilməsi üçün Vergilər Nazirliyi bütün imkanlarını səfərbər edəcək. Nazirliyin 30 əməkdaşı iki növbədə işləyəcək”.
   Nazir müavini diqqətə çatdırdı ki, festivala Azərbaycan Beynəlxalq Bankı və AzərTürk Bank da xidmətlərini təklif edib. Əlavə dəyər vergisinin qaytarılması qaydaları festivalın iştirakçısı olan ticarət nöqtələrində tətbiq ediləcək. Bu kampaniyadan yalnız festivalda iştirak qeydiyyatından və Vergilər Nazirliyində qeydiyyatdan keçmiş iştirakçı-sahibkarlar mal aldıqları zaman yararlana biləcəklər. Festivalda iştirak edən həmin mağazalar “Tax Free” nişanı ilə fərqlənəcək.
   
   İnformasiya-təbliğat məsələləri həll olunub
   
   Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək Mədəniyyət və Turizm Nazirliyi ilə birgə görüləcək işlər haqqında məlumat verdi. Bildirdi ki, festival günlərində maraqlı mədəni tədbirlərin keçirilməsi üçün əsas parklarda şərait yaradılacaq. Paytaxtın mərkəzi küçələri, mehmanxana və ticarət mərkəzlərində informasiya köşkləri qurulacaq, Çağrı mərkəzi istifadəyə veriləcək.
   Azərbaycan Konqreslər Bürosu idarə heyətinin sədri Ülviyyə Mirqasımova nəzərə çatdırdı ki, büro festivalın yüksək səviyyədə və səmərəli təşkili üçün öz peşəkar mütəxəssisləri və işçi heyəti ilə bayram və istirahət günlərində də ənənəvi iş rejimində çalışacaq. Festivalın rəsmi internet saytında (www.bakushopfest.com) iştirakçıların qeydiyyatı, onları maraqlandıran informasiyalar və festivalla bağlı bütün məlumatlar yer alacaq: “Bu il təbliğat kampaniyamızı genişləndirmişik. İştirakçılar müştəri xidmətlərimizlə 157 qısa nömrəsi ilə əlaqə saxlayaraq üzləşdikləri problemlə bağlı bizdən məlumat ala bilərlər”.
   Nazir Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, “Tax Free” sistemi ilə bağlı qaydalara müvafiq olaraq Ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. ƏDV-nin qaytarılması isə şopinq mərkəzlərində quraşdırılan xüsusi məntəqələrdə həyata keçiriləcək. Festival günlərində “Tax Free” sistemi üzrə ƏDV-nin qaytarılması ən azı 100 manat məbləğində alış-veriş edən yerli vətəndaşlara da tətbiq olunacaq. 
   Daha sonra jurnalistləri maraqlandıran suallar cavablandırıldı.
   Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində keçirilib. Festival cəlbedici təkliflər və geniş miqyaslı təbliğat vasitəsilə ölkəyə gələn turistlərin sayını artırmaq, turizm, mehmanxana xidməti, ticarət, nəqliyyat və digər sahələrin inkişafına təkan vermək məqsədi daşıyır.
   
   Fariz