Beynəlxalq heykəltəraşlıq simpoziumuna 12 ölkədən iştirakçı qatılıb
   
   Oktyabrın 10-da Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə “Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilib.   
   Tədbirə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Yeni Zelandiya, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya və Çindən 20 heykəltəraş qatılıb.
   İştirakçılar Qala qəsəbəsində açıq səma altında təbii daşlardan yaratdıqları əsərləri təqdim ediblər. Təqdimat mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
   Simpoziumun iştirakçısı olan heykəltəraşlar təəssüratlarını jurnalistlərlə bölüşüblər.
   Britaniyalı heykəltəraş Əli Cabbar ikinci dəfədir Azərbaycanda olduğunu deyib: “Bakının gəzməli-görməli yerlərini ziyarət etdim. Simpoziumda müxtəlif ölkələrdən heykəltəraşlarla bir araya gələrək sənət əsərləri yaratmağa çalışdıq. Azərbaycanda çox peşəkar heykəltəraşlar var. Biz onlarla səmərəli təcrübə mübadiləsi aparırıq. Bizə yaradılan bu fürsətə görə Heydər Əliyev Fonduna və digər təşkilatçılara təşəkkürümü bildirirəm”.
   Türkiyəli heykəltəraş Nəsrin Karacan isə Bakıya ilk dəfə gəlir. O deyib: “Azərbaycanda hər şeydən əvvəl yaradıcı mühitin şahidi oldum. Burada bizim üçün yaradılan şərait çox gözəldir. Mənim simpozium üçün hazırladığım “Ev” adlı iş bir növ Azərbaycanın bizim də evimiz olduğunu izah etməkdir. Biz heykəltəraşlar hər ölkədə fərqli-fərqli əsərlərimizlə çıxış edirik. Burada belə bir əsər yaratmağım mənim üçün olduqca xoşdur. Bizə yaradılan şəraitə görə bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk”.
   Azərbaycanlı heykəltəraş Süleyman Rüstəmov deyib: “Simpoziumda bir çox xarici ölkələrin heykəltəraşlarının əsərləri ilə yanaşı, bizim də sənət əsərlərimiz yer alıb. Mənim əsərimin adı “Səmavi balıq”dır. Əsərimin formatında bir balığın zamanlararası gəzintisindən danışılır. Belə bir simpoziumun ölkəmizdə keçirilməsi sənət mübadiləsi üçün əlverişli zəmin yaradır”.
   Xatırladaq ki, “Daşın nəğməsi” Beynəlxalq heykəltəraşlıq simpoziumu ilk dəfə 2016-cı ildə keçirilib və tədbirdə 10 ölkədən 14 heykəltəraş iştirak edib. Simpozium çərçivəsində yaradılan işlər hazırda Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində sərgilənir.