Avropa Komissiyası Yunanıstanın tələbinə müsbət yanaşmır
Antik dövrün möhtəşəm arxitektura kompleksi - Afina Akropolunun ən dəyərli nümunələrindən olan Parfenon mərmər abidələri ilə bağlı Yunanıstan və Britaniya arasında illərdən bəri davam edən çəkişmə yeni mərhələyə qədəm qoyub.
Bu abidələr XIX əsrin əvvəllərində Osmanlıdakı ingilis diplomatı Tomas Brüs Elginin iştirakı ilə Afinadan Londona aparılıb. O dövrdə Yunanıstan Osmanlının imperatorluğunun tərkibində idi və lord Elgin bunun üçün sultanın icazəsini almışdı.
Parfenon mərmərləri illərdir ki, London və Afina arasında mübahisə mövzusudur. Ötən əsrin 80-ci illərində diplomatik qarşıdurmaya gətirib çıxaran mübahisə bu günə qədər davam edir. Yunanıstan oğurlanmış mədəni mülkiyyətin geri qaytarılmasına ümid edir. Heykəllərin böyük bir hissəsi Britaniya Muzeyindədir və çox güman ki, oranı tərk etməyəcək.
Bu həftə hər iki paytaxt Avropa Komissiyasının üzvlərindən çox dəqiq bir cavab aldı: "Parfenon heykəlləri üçün bir şey edə bilməzsiniz, çünki mərmərlər çox qədimdir və başqa yerə daşınması mümkün deyil”.
Avropa Komissiyasının 1993-cü il 1 yanvar tarixindən sonra oğurlanmış milli xəzinələrə aid olan "Üzv dövlətlərin ərazisindən qeyri-qanuni olaraq ixrac olunan mədəni obyektlərin qaytarılması haqqında" 15 mart 1993-cü il tarixli direktivinə əsasən heykəllər Londonda qalacaq.
Maraqlıdır ki, “The Times” qəzetinin köşə yazarı tərəfindən aparılan son bir sorğu göstərir ki, London sakinlərinin yalnız dörddəbiri heykəllərin Britaniya Muzeyində qalmasını istəyir. Respondentlərin yarısı abidələrin Afinaya qaytarılmasının vacib olduğuna inanırlar.
Rafiq Vəliyev