Efiopiyanın Əddis-Əbəbə şəhərində ilk dəfə Azərbaycanın milli mətbəx günləri keçirilib. “Radisson Blu” mehmanxanasında gerçəkləşən tədbir Azərbaycanın Dövlət Müstəqilliyi Günü və Azərbaycan ilə Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illik yubileyinə həsr olunub.
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev tədbirin açılış mərasimində çıxış edərək ölkəmizin tarixi və mədəniyyəti barədə məlumat verərək, mətbəx günlərinin iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb.
“Radisson Blu” mehmanxanasının baş direktoru ilk dəfə Azərbaycan milli mətbəx günlərinin məhz burada təşkil edildiyinə görə şərəf duyduğunu qeyd edib.
Tədbirdə Əddis-Əbəbədə akkreditə olunmuş səfirlər, Afrika İttifaqının nümayəndələri, Efiopiya rəsmiləri, yerli media nümayəndələri və Azərbaycanın ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunlar iştirak ediblər. Qonaqlara Azərbaycanın süfrə mədəniyyəti, xalqımızın qonaqpərvərliyi və ənənələri barədə videoçarxlar nümayiş etdirilib.