Litvanın “Slaptai.lt” saytında Bakı Şopinq Festivalı barədə “Azərbaycan turizmin inkişafına yönəlib” sərlövhəli məqalə dərc olunub. Bu barədə Azərbaycan Konqreslər Bürosundan məlumat verilib. 
   Jurnalist Leonas Yurşa yazır ki, turizm dünya iqtisadiyyatının ən perspektivli, dinamik və gəlirli sahəsidir. Son illər Azərbaycanda bu sektora böyük diqqət yönəlib. Dövlət öz qarşısına turizm sektorunu ölkə iqtisadiyyatının potensial lokomotivinə çevirmək məqsədi qoyub və bunun üçün bütün imkanlar var: “Azərbaycan çox parlaq və koloritli ölkədir. Burada Avropa və Asiya mədəniyyətləri qovuşur. Ölkə ərazisində çoxlu görməli yerlər, qədim şəhər və məscidlər, dəbdəbəli saray və monumental qalalar var. Xəzərin sahili isə gözəl çimərlikləri və kurortları ilə məşhurdur”.
   Yazıda bildirilir ki, Azərbaycan Prezidentinin turizmi prioritet sahələrdən biri kimi qeyd etməsi təsadüfi deyil. Yazıda ölkə başçısının son olaraq, MDB dövlət başçılarının Soçi sammitində turizmlə bağlı verdiyi bəyanata yer verilib.
   Müəllif ölkəyə daha çox turistin cəlb olunması üçün müxtəlif tədbirlərin həyata keçirildiyini bildirir və qeyd edir ki, Bakıda təşkil olunan şopinq festivalları da bu baxımdan böyük önəm daşıyır.