Oktyabrın 31-də Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Xalq artisti Ramiz Quliyevin 70 illik yubileyinə həsr edilmiş “Səslən, tarım” adlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.
Konsert proqramı ilə davam edəcək gecədə yubilyarın özü ilə yanaşı, respublikanın tanınmış incəsənət xadimləri çıxış edəcəklər. İfaçıları Xalq artisti Adil Bağırovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblı müşayiət edəcək.