Oktyabrın 21-də Vyanada “Salam, Orient” (“Salam, Şərq”) festivalı çərçivəsində “Muğam və klassik musiqinin görüşü” adlı konsert təşkil edilib.
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə gerçəkləşən konsertdə əvvəlcə Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərlik etdiyi muğam ansamblı çıxış edib.
Konsertin ikinci hissəsində isə gənc dirijor Mustafa Mehmandarovun bədii rəhbəri olduğu “Xəzər virtuozları” orkestri muğam ansamblı ilə birlikdə bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Aqşin Əlizadə və Vasif Adıgözəlovun əsərlərini və xalq mahnılarını səsləndirib. Konsertin zirvə nöqtəsini isə “Qarabağ şikəstəsi” zərbi muğamı təşkil edib.
Festivalın həmtəşkilatçısı və bədii rəhbəri Martina Raab Azərbaycandan dəvət olunmuş muğam ansamblı və Vyanada təsis olunmuş klassik orkestrin birgə konserti, musiqi rəngarəngliyi ilə yanaşı, beynəlmiləl xüsusiyyəti ilə də diqqəti cəlb edən premyera kimi qiymətləndirib.