Konfransda halal turizmin xüsusiyyətlərindən bəhs olunub
   
   Oktyabrın 25-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İslam həmrəyliyi ili” çərçivəsində “İslam həmrəyliyi və etiqad turizmi potensialı” mövzusunda elmi-praktik konfrans keçirildi.
   Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov Prezident İlham Əliyevin 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunması ilə bağlı sərəncamının böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti olduğunu söylədi. Qeyd etdi ki, “İslam həmrəyliyi ili” çərçivəsində ölkəmizdə müxtəlif tədbirlər keçirilir.
   Rektor bildirdi ki, elmi-praktik konfransın təşkilində məqsəd halal turizmin inkişaf perspektivlərinin elmi əsaslara nəzərən isbatlanmasıdır.
   Diqqətə çatdırdı ki, halal turizmin yaradılması turizm sektorunda səmərəli addım kimi dəyərləndirilir: “Mövcud xidmət mədəniyyətinin daha da təkmilləşdirilməsi turizm sənayeçiləri ordusunu işgüzar fəaliyyətə istiqamətləndirir. Ölkəmizdə multikultural dəyərləri özündə ehtiva edən halal turizm modelinin yaradılması turizmin inkişafında yeni səhifə açmağa hesablanıb. Son zamanlar müsəlman ölkələrindən Azərbaycana çoxsaylı turist axınını nəzərə alsaq, beynəlxalq təcrübəyə əsaslanmaqla halal turizm modelinin səmərəli tətbiqində maraqlı olmalıyıq”.
   Konfransda “Halal turizm və inkişaf perspektivləri”, “Azərbaycanda dini turizm abidələri”, “Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun timsalında dini abidələr mədəni və tarixi turizm məhsulu kimi”, “Azərbaycanda inanc turizminin maarifləndirici ekskursiya istiqamətinin inkişaf perspektivləri” və digər mövzularda məruzələr dinlənildi.
   
   F.Hüseynov