Dekabrın 27-də Bakı Musiqi Akademiyasının rektoru, professor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Fərhad Bədəlbəylinin 70 yaşı tamam olacaq. Bu səbəbdən də klassik musiqi həvəskarları görkəmli pianoçunun yubiley tədbirlərini gözləməkdədir. Amma, deyəsən, Moskvada bizim yubilyarı Azərbaycandan öncə alqışlayacaqlar. 
   Rusiya mətbuatının yaydığı məlumata görə, dekabrın 13-də P.İ.Çaykovski adına konsert salonunda Fərhad Bədəlbəylinin 70 illiyi münasibətilə konsert olacaq. Moskva Dövlət Filarmoniyasının Akademik simfonik orkestri konsertdə azərbaycanlı dirijorların - Xalq artisti Yalçın Adıgözəlov, əməkdar artistlər Fuad İbrahimov və Əyyub Quliyevin idarəsi ilə çıxış edəcək. Solo çıxışlara gəlincə, yubilyarın tələbələrindən biri, həm də onun duet ortağı, Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, gənc tenor Azər Rzazadə və onun İtaliyadakı tələbəlik dostu, Rusiyada da yaxşı tanınan soprano Kyara İzotton da səhnəni Fərhad Bədəlbəyli ilə paylaşacaq. 
   «Roskonsert»in təşkil etdiyi konsertdə Fikrət Əmirov və Elmira Nəzirovanın «Ərəb mövzusunda fortepiano ilə orkestr üçün konserti», habelə C.Gerşvin və S.Raxmaninovun əsərləri ifa ediləcək. Vokalçılar isə F.Əmirov və C.Verdinin operalarından ariyalar, həmçinin yubilyarın iki səs üçün «Ave Maria» əsərini oxuyacaqlar. 
   Onu da qeyd edək ki, dünya şöhrətli vokalçı və ifaçılar beynəlxalq miqyasda ən mükəmməl musiqi kollektivlərindən sayılan Moskva Filarmoniyası Akademik simfonik orkestrinin müşayiəti ilə çıxış etməyi fəxr hesab edirlər. Bütün bunları nəzərə alaraq, demək olar ki, dekabrın 13-də Moskva musiqisevərləri Fərhad Bədəlbəylini və onun sənət dostlarını maraqlı konsert proqramında dinləmək və alqışlamaq imkanı qazanacaq. 
   
   G.Mirməmməd