Bakı Şopinq Festivalı unikal mövsümi hadisədir. Bu festival Azərbaycanın turizmin inkişafı sahəsində qısa vaxt ərzində böyük irəliləyişə nail olduğunu göstərir.
   Bu sözləri festivalın saytına turizm eksperti, tanınmış ərəb bloqeri, “Kunuz əs-Siyaha” turizm konsaltinq qrupunun təsisçisi Ənvər Abdullah Əbu Nəcm deyib. Bakı Şopinq Festivalının dünyanın bir sıra analoji festivalları ilə rəqabət apara bildiyini deyən bloqer kampaniyanın sosial şəbəkələrdə, yerli və dünya KİV-lərində geniş işıqlandırıldığını vurğulayıb. Budəfəki festival müdhiş endirimlərlə turistlərin diqqətini çəkib. Bakı artıq şopinqin məkanına çevrilir.
   Qeyd edək ki, ərəb bloqer sosial şəbəkələrdə turizmlə bağlı paylaşımları ilə məşhurdur. Onun “Twitter”də idarə etdiyi “Azərbaycan ərəblərin gözü ilə” səhifəsinin 15 minə yaxın izləyicisi var.
   * * *
   Azərbaycan hökuməti ölkədə turizmin inkişafı üçün çox müsbət addımlar atır. Bütün bunlar iqtisadiyyatın diversifikasiyası çərçivəsində baş verir. Bakı Şopinq Festivalı da Azərbaycanda bu istiqamətdə atılan ən mühüm addımlardandır.
   Bu fikirləri isə İsrailin Bakıdakı səfiri Dan Stav festivalın saytına açıqlamasında deyib.
   “Festival Bakını turistlərə tanıtmaq üçün ən mühüm vasitələrdəndir. Bakı artıq Formula-1, İslam Həmrəyliyi Oyunları və Birinci Avropa Oyunlarından sonra kifayət qədər tanınır. Bakı həm də turistləri cəlb edən tarixi şəhərdir. İdeya baxımından da festival çox müsbətdir, çünki bu, bir çox biznes növlərinə - yaşayış obyektlərinə, restoranlara, nəqliyyat xidmətlərinə öz töhfəsini verəcək. Ümid edirəm ki, bu proses davamlı olacaq”, - deyə səfir söyləyib.
   * * *
   Bakı Şopinq Festivalı haqqında Ukraynanın Truskaves şəhərinin meri Andrey Kulçinski də fikirlərini bölüşüb. O, bununla bağlı festivalın saytına açıqlama verib.
   “Mənim belə layihələrdən xoşum gəlir. Bu tip layihələr daxili və xarici turizmin artımına səbəb olur, biznesi canlandırır. Mən şəxsən bu layihədə yaxşı planlaşdırma və təşkilatçılıq gördüm”, - deyə mer qeyd edib.
   O, ümid edir ki, bu günlərdə Bakıda səfərdə olan həmyerliləri yaradılmış alış-veriş imkanından mütləq istifadə edəcəklər: “Bakıda olan bütün dostlarıma və yaxınlarıma festivalda iştirak etməyi və uğurlu alış-verişdən sonra yaxşı əhval-ruhiyyə arzu edirəm”.