Azərbaycan
   
   3 noyabr 1983 - Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22.3.1913 - 1983) vəfat edib. Gənc Tamaşaçılar, Akademik Dram teatrlarında çalışıb. “O olmasın, bu olsun” (Məşədi İbad), "Sehrli xalat" (Xan), "Görüş" (Şıxəli), "Qanun naminə" (Məmmədxan), “Bizim Cəbiş müəllim” (Əbülfəz) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   4 noyabr 1954 - Aktyor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 - 5.3.2013) Şəkidə anadan olub. Şəki teatrında çalışıb. “Həm ziyarət, həm ticarət...”, “Sarı gəlin”, “Yalan” və s. filmlərdə çəkilib.
   4 noyabr 1959 - Tanınmış dirijor, Xalq artisti Yalçın Vasif oğlu Adıgözəlov Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professorudur. 
   
   5 noyabr 1925 - Türkoloq, ədəbiyyatşünas, filologiya elmləri doktoru Elməddin Məhəmməd oğlu Əlibəyzadə (1925 - 26.3.2015) Oğuz rayonunun Muxas kəndində anadan olub. “Azərbaycan dilinin tarixi”, “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” və s. əsərlərin müəllifidir.
   5 noyabr 1938 - Ərəbşünas, filologiya elmləri doktoru, professor Malik Rüstəm oğlu Mahmudov (1938 - 3.6.1991) Ordubad şəhərində anadan olub.
   5 noyabr 1948 - Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 - 17.4.2004) Bakının Kürdəxanı kəndində doğulub. Kitabları: "Acı həqiqət", "Mən nə dedim ki..." və s. 
   5 noyabr 1952 - Filologiya elmləri doktoru, professor Vilayət Muxtar oğlu Quliyev Ağcabədidə anadan olub. Xarici işlər naziri, Azərbaycanın Polşada səfiri işləyib. 2010-cu ildən ölkəmizin Macarıstanda səfiridir. Kitabları: “Mirzə Kazımbəy”, “Ağaoğlular”, “Tarixdə iz qoyan şəxsiyyətlər” və s.
   5 noyabr 2001 - Xalq artisti Eldəniz Zeynalov (1.1.1937 - 2001) dünyasını dəyişib. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   
   6 noyabr 1926 - Azərbaycan radiosunun yarandığı gündür. Həmin gün Bakıda ilk radiostansiya fəaliyyətə başlayıb. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. Sonradan 4 saata, daha sonra 6 saata çatdı. 1956-cı il fevralın 14-də isə Bakı televiziya studiyası fəaliyyətə başladı. 
   6 noyabr 1931 - Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-1997) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir.
   6 noyabr 1974 - Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923 - 1974) vəfat edib. Sözlərinə populyar mahnılar bəstələnib. "Göz həkimi", "Ana ürəyi", "Yolayrıcı" və s. pyeslərin müəllifidir. Rus poeziyasından tərcümələr edib.
   6 noyabr 2009 - Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 11.4.1914 - 2009) vəfat edib. "Şimal küləyi", "Qalada üsyan", "Ömrün oğlan çağları", "Madam Qədri" və s. roman və povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" filmlərinin ssenarisini yazıb.
   
   Dünya
   
   3 noyabr 1797 - Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Dekabristlər üsyanında (1925) iştirakına görə Qafqaza sürgün olunub. Azərbaycan dilini öyrənib, M.F.Axundzadə ilə dostluq edib, onun “Şərq poeması”nı ruscaya tərcümə edib. Azərbaycan xalq qəhrəmanının həyatından bəhs edən “Molla Nur” povestini yazıb.
   3 noyabr 1801 - İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini, 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
   3 noyabr 1869 - Rus şərqşünası, akademik Vasili Bartold (1869-1930) anadan olub. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib. 1924-cü ildə Azərbaycan Dövlət Universitetində “Türk-tatar xalqları tarixi” kursundan mühazirələr oxuyub.
   3 noyabr 1882 - Belarus şairi, yazıçı Yakub Kolas (əsl adı Konstantin Mixayloviç Mitskeviç; 1882-1956) anadan olub. Müasir Belarus ədəbiyyatının yaradıcılarından biridir. 
   3 noyabr 1901 - Fransız yazıçısı, kulturoloq Andre Malro (Andre Malraux; 1901-1976) anadan olub. “Kral yolu”, “Nifrət illəri”, “Qara üçbucaq” romanlarının müəllifidir. Fransanın mədəniyyət naziri işləyib.
   3 noyabr 1927 - Polyak aktyor, dövrünün canlı əfsanəsi Zbiqnev Sıbulski (Zbigniew Cybulski; 1927-1967) anadan olub. Filmləri: “Kül və almaz”, “Günahsız sehrbazlar”, “Necə sevimli olmalı” və s.
   
   4 noyabr 1575 - İtalyan rəssamı Qvido Reni (Guido Reni, 1575-1642) anadan olub.
   4 noyabr 1923 - Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner, 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, ssenarilərin müəllifidir. 
   4 noyabr 1928 - Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunub.
   4 noyabr 1946 - BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı - UNESCO (United Nations Educational, Scientific and Cultural Organization) fəaliyyətə başlayıb. 1945-ci il noyabrın 16-da Parisdə 37 ölkə tərəfindən təşkilatın nizamnaməsi imzalanıb. Sənəd 20 ölkə tərəfindən ratifikasiya olunduqdan sonra, 1946-cı il noyabrın 4-də qüvvəyə minib. Təşkilatın mənzil-qərargahı Parisdə yerləşir.
   
   5 noyabr 1878 - Rus (polyak əsilli) yazıçı-dramaturqu Mixail Arsıbaşev (1878-1927) anadan olub. 1923-cü ildə Polşaya mühacirət edib. Əsərləri: “Sanin”, “Ən son həddə”, “Qısqanclıq”, “Vəhşi qanunu” və s.
   5 noyabr 1913 - İngilis aktrisası Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub. “Küləklə sovrulanlar” filmində Skarlett roluna görə “Oskar” mükafatına layiq görülüb.
   5 noyabr 1938 - Dünya şöhrətli fransız (yəhudi əsilli) müğənnisi və bəstəkarı Co Dassen (Joe Dassin - Joseph Ira Dassin; 1938-1980) anadan olub.
   
   6 noyabr 1814 - Belçikalı musiqi aləti ustası, saksafonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax, 1814-1894) anadan olub.
   6 noyabr 1936 - Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-2003) anadan olub. Filmləri: “Tabor səmaya gedir”, “Mənim nəvazişli və zərif heyvanım”.
   
   Hazırladı: Vüqar Orxan