Əməkdar rəssam İrina Eldarovanın Moskvada fərdi sərgisi 
   
   Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Moskvadakı səfirliyinin təşkilatçılığı ilə oktyabrın 31-də Rusiya Rəssamlıq Akademiyasındakı Zurab Sereteli incəsənət qalereyasında Əməkdar rəssam İrina Eldarovanın “Qızlar neftçilərə üstünlük verir” adlı fərdi sərgisi açılıb.
   Məşhur Amerika aktrisası Merilin Monro və Bakı neftçiləri. İlk baxışdan onları heç nə birləşdirmir. Sərgidə nümayiş olunan tablolarda Merilin cəsur, əlləri qabar bağlamış, zəhmli, eyni zamanda xeyirxah və bəzən də kövrək qəlbli Bakı neftçiləri ilə birlikdə əks olunub. Ekspozisiya sərgiyə gələnləri əbədi mövzuya - qadın zərifliyi və kişi mərdanəliyi mövzusuna, yeni, çox maraqlı prizmadan baxmağa sövq edir.
   Sərginin açılışında çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Nigar Axundova müəllifin yaradıcılığı barədə ətraflı məlumat verib. Qeyd edib ki, İrina Eldarovanın “Qızlar neftçiləri seçir” adı altında toplanan rəsmlərinə baxıb keçmək kifayət etmir, onların dərin sətiraltı mənasını sezmək, müəllifin fikirlərini duymaq lazımdır: “Sərgi təsadüfən belə adlandırılmayıb: qızlar neftçiləri seçirsə, deməli əsl kişiləri seçirlər”.
   Dəfələrlə ölkəmizdə olduğunu deyən, Bakıya valehliyini gizlətməyən Moskva Müasir İncəsənət Muzeyinin direktoru Vasili Sereteli isə İ.Eldarovanın əsərlərində Bakının ruhunu hiss etdiyini, Azərbaycan incəsənəti ilə təmasdan zövq aldığını bildirib.
   Açılış mərasimində Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Toğrul Bağırov, Moskva Müasir İncəsənət Muzeyinin direktor müavini Yelena Sereteli və başqaları İrina Eldarovanın yaradıcılığından danışıb, ona sənət uğurları arzulayıblar.
   İrina Eldarova 1955-ci ildə Moskvada doğulub. B.Y.Repin adına Rusiya Dövlət Rəssamlıq Akademiyasının və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun məzunudur. Azərbaycanın Xalq rəssamı Ömər Eldarovun oğlu, mərhum rəssam Müslüm Eldarovla ailə həyatı qurduqdan sonra Bakıya köçüb və 30 ildir burada yaşayıb-yaradır. Əsərləri Moskva Tretyakov Qalereyası, Bakı Müasir İncəsənət Muzeyi və digər sənət ocaqlarının kolleksiyalarında saxlanılır. Onun əl işi olan mərmər pannolar Bakı metrosunun “Xalqlar dostluğu” stansiyasını bəzəyir. 
   Dekabrın 3-dək davam edəcək sərgidə müəllifin son illər yaratdığı rəngkarlıq və qrafika əsərləri, installyasiya janrında işlənmiş rəsmləri ilə yanaşı, 90-cı illərə aid bir neçə tablosu - ümumilikdə 70-dək əl işi nümayiş etdirilir.