Məktəblilərin əl işləri Rəssamlar İttifaqının sərgi salonunda
Noyabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “23-ün rəssamları” adlı sərgi açılıb. Sərgi Rəssamlar İttifaqı və 23 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə gerçəkləşib.
İttifaqın sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxış edərək sərgidə nümayiş olunan əsərlərin özəlliyindən danışıb, məktəbliləri təbrik edərək onlara yaradıcılıq axtarışlarında uğurlar arzulayıb.
23 nömrəli tam orta məktəbin direktoru Yuliya Kərimova, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sərginin əhəmiyyətindən söz açıblar.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Ekspozisiyada məktəbin 20-dək şagirdinin müxtəlif janrlarda əl işləri nümayiş olunur. Sərgi bir həftə davam edəcək.