Noyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Xalq rəssamı Mirnadir Zeynalovun 75 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.
Ekspozisiyada Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilmiş 100-dən çox əsər sərgilənəcək. Tədbirdə həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının “Emalatxanada görüş. Mirnadir Zeynalov” layihəsi çərçivəsində hazırlanmış video-çarx nümayiş olunacaq.
Mirnadir Mirəli oğlu Zeynalov 1942-ci ildə anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib. 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutub. Onun emosional, ekspressiv tabloları ideya orijinallığı, məharətli icra texnikası, yenilikləri ilə seçilir. Kollaj və installyasiya elementləri onun rəngkarlıq kompozisiyalarının ayrılmaz hissələrinə çevrilir.
Rəssam 1976-cı ildə Moskvada keçirilən Ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomuna, 1989-cu ildə Bakıda keçirilən “Xəzəryanı Ölkələri Rəssamlarının Bienallesi”ndə bürünc medala layiq görülüb. 1987-ci ildə Hindistana yaradıcılıq ezamiyyətinin nəticəsi olan iki fərdi sərgisi keçirilib. Əsərləri Moskva, Kiyev, Hyuston, Los-Anceles və başqa şəhərlərdə nümayiş olunub, Azərbaycan Milli İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır.