İctimai televiziyada lentə alınan “Dalan” tammetrajlı bədii televiziya filminin çəkilişi yekunlaşdı. Film oktyabrın sonunda tamaşaçılara təqdim ediləcək.
   
   Amerika yazıçısı Edqar Ponun “Daxili ziddiyyət” adlı hekayəsinin motivləri əsasında çəkilən filmdə əyalətdən təhsil üçün şəhərə gələn Səbinə adlı gənc qızın həyatından bəhs olunur. Tələbə qız bir xəstəyə tibb bacısı kimi baxıcılıq edir. Qəfil məlum olur ki, Səbinə var-dövlət sahibi ola bilər. Belə ki, baxıcılıq etdiyi ağır yataq xəstəsi Zakir bütün var-dövlətini bu qıza vəsiyyət edir. Səbinə artıq xəyallara qapılır və günlərin birində təkrar müayinədən sonra məlum olur ki, xəstə sağalmaq üzrədir. Lakin Səbinə var-dövlət xəyalından ayrıla bilmir. Əczaçılıq fakültəsinin tələbəsi olan bu gənc qız müəlliminin dərs zamanı adi şamın hər hansı maddələrlə birləşməsindən cəsəddə iz qoymayan qətl haqda danışmasını xatırlayır və elə bu hadisə Səbinəni cinayət törətməyə sürükləyir. Qətldən sonra Səbinə qanuni olaraq var-dövlətə sahib olur. Lakin bu zaman vicdan hissi baş qaldırır və qəhrəman daxili mübarizədən əziyyət çəkməyə başlayır. Tez-tez Zakir gözünə görünməyə başlayır...
   Filmin diqqət çəkən məqamlarından biri əvvəldə və sonda baş qəhrəman Səbinənin uşaqlığında nənəsi ilə söhbətini xatırlamasıdır. Səbinənin “Nənə, ay nənə, dünyada ən bərk qaçan heyvan hansıdır” sualına nənəsi “dünyada ən sürətli nəfsdir. O elə sürətlidir ki, gərək zamanında onun qarşısına dalanı çəkməyi bacarasan. Yoxsa, o, səni məhv edər” deməsi ideyanı sözlə tamaşaçıya çatdırır.
   Filmin ssenari müəllifi və rejissoru Nəsimi Məmmədoğlunun sözlərinə görə, ekran əsərində insanın öz vicdanı ilə üzləşməsi önə çəkilir: “İnsan nə əldə edirsə-etsin, insanlığını itirməməlidir”.
   Rejissor Nəsimi Məmmədoğlu İctimai TV-nin kino sahəsinə olan diqqətini də xüsusi qeyd etdi: "İctimai Televiziyada son illər bir neçə uğurlu televiziya filmi çəkilib. Çoxdan bəri yazdığım ssenari də telekanal tərəfindən bəyənilərək istehsalata buraxıldı".
   Filmin ikinci rejissorları Salam Məmmədəliyev, Vüqar Əliyev, operatoru Ramil Cəbrayılov, icraçı prodüseri Faiq Güləhmədov, montajçısı İlham Məmmədovdur. Bəstəkar Əməkdar incəsənət xadimi Faiq Sücəddinovdur.
   Filmdə əsas rolları ADMİU-nun tələbəsi Fizzə Nadirova (Səbinə), sənədli filmlər rejissoru Əli Namaz (Zakir) və İctimai televiziyanın jurnalisti Müsəllim Həsənov (həkim) oynayırlar. Digər rollarda Zemfira Əbdülsəmədova (qulluqçu), Təvəkkül Əhmədov (universitet müəllimi), Aidə Cəbiyeva (qonşu), Türkan Cahangirova, Aynur Nəzərova (tələbələr), Əliyar Məmmədov (çəkməçi) çəkiliblər.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar