Balakəndə Xurma festivalı keçirilib
Noyabrın 4-də Balakən şəhərindəki Heydər Əliyevin adına mədəniyyət və istirahət parkında “Beynəlxalq xurma festivalı” keçirilib.
Rayon İcra Hakimiyyəti, “Balkhoorma” şirkəti, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalda xarici ölkə səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, digər qonaqlar iştirak ediblər.
Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli liderin abidəsini ziyarət edib, sonra mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkiblər.
Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar böyük marağa səbəb olub.
Tədbirdə Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi Şəki, Zaqatala və Qax rayonlarının təmsilçiləri də iştirak edib. Xurmadan hazırlanan şirniyyatlar, yeməklər nümayiş etdirilib, sənətkarların əl işlərinin sərgisi təşkil olunub. Şəkidən gələn pəhləvanlar musiqi sədaları altında öz məharətlərini göstəriblər. Tədbirin sonunda fərqlənən iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.