Son illər Azərbaycanda yaradıcılıq assosiasiyalarının sayı artır, aktual incəsənət növləri sahəsində xüsusi layihələr həyata keçirilir, yeni qalereyalar istifadəyə verilir. Bu günlərdə respublikamızın paytaxtında keçirilmiş “İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq” forumu, habelə Şəkinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi ölkəmizdə müxtəlif sahələrdə yaradıcılıq mühitinin inkişafı istiqamətində reallaşdırılan layihələrin uğurlu nəticələrini bir daha təsdiqləyir. 
   Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə bu məsələlərlə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. 
   
   - Vasif müəllim, Şəki şəhərinin UNESCO-nun “Yaradıcı şəhəri” elan edilməsinin əhəmiyyəti nədən ibarətdir?
   - Bildiyiniz kimi, Şəki şəhərini UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” proqramına təqdim etmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən namizədlik sənədi hazırlanmışdı. Hazırlanmasına 3-4 il vaxt sərf olunan bu sənəd UNESCO təlimatlarına uyğun olaraq çox diqqətlə işlənilmiş bir namizədlik sənədidir. Onu təşkilatın katibliyinə təqdim etdikdən sonra bu hadisənin reallaşması üçün ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi birgə təşviqat və təbliğat səylərini artırdılar və nəticə etibarilə Şəki şəhəri “sənətkarlıq və xalq yaradıcılığı” kateqoriyası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edildi. Təbii ki, bu uğurun əsasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın UNESCO ilə ölkəmiz arasında əməkdaşlığın inkişafında müstəsna rolu və töhfələri dayanır.
   UNESCO-nun baş direktoru İrina Bokovanın qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi”nə 44 ölkədən 64 şəhər daxil edilib. Bu şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru kimi göstərir. Məlumat üçün bildirim ki, 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən edilir: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Hazırda şəbəkənin 72 ölkədə 180 şəhəri var.
   Bu hadisə Azərbaycan tarixində yeganə faktdır ki, bizim şəhərimiz beynəlxalq şəhərlər şəbəkəsinə inteqrasiya edir. Bununla Şəki şəhəri müasir kreativ inkişaf proseslərinə, yaradıcı sənaye mühitinə qoşulma imkanı əldə edir ki, bu da həm şəhərin inkişafına, həm də əhalinin rifahının artmasına, iqtisadi bacarıqlarının diversifikasiyasına müsbət təsir göstərəcək. Şəkinin “yaradıcı şəhər” elan edilməsi beynəlxalq imic baxımından şəhərin nüfuzunun artmasına çox müsbət təsir göstərəcək ki, bu da ölkəmizə, xüsusilə də Şəkiyə turistlərin böyük marağına səbəb olacaq. Bu amillər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların inkişafı ilə bağlı siyasətinin başlıca istiqamətlərinə uyğundur.
   Şəki ilə bağlı daha bir vacib məsələnin reallaşması gözlənilir. Şəhərin UNESCO-nun Dünya irsi siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xarici ekspertlərlə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya sənədi təkmilləşdirilir. Xatırladım ki, 2017-ci ilin iyul ayında UNESCO-nun Dünya İrs Komitəsinin iclasında bununla bağlı müvafiq qərar qəbul edilib və Azərbaycan tərəfinə bir sıra tövsiyələr irəli sürülüb ki, nazirlik Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyi və xarici ekspertlərlə bu istiqamətdə iş aparır.
   
   - Siz kreativ sənaye dediniz. Bunu bir qədər açıqlamanızı istərdik.
   - Kreativ, yaxud yaradıcı sənaye və iqtisadiyyat terminləri bizim üçün yenilik olsa da, dünyanın inkişaf etmiş ölkələrində son illər ən aktual mövzulardan birinə çevrilib. Əgər izahını versək, kreativ iqtisadiyyat - yaradıcılıq, mədəniyyət, iqtisadiyyat və texnologiyanın bir-biri ilə əlaqəli şəkildə inkişafını nəzərdə tutan müasir inkişaf konsepsiyasıdır. Kreativ sənaye isə elə bir intellektual fəaliyyət sahəsidir ki, burada insanlar öz yaradıcılıq bacarıqları və istedadları ilə cəmiyyətin maddi rifahının yüksəlməsinə və yeni iş yerlərinin açılmasına şərait yaradırlar.
   Məlum olduğu kimi, Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində iqtisadiyyatın artan rəqabətə dözümlü olması məqsədilə öncədən gəlir mənbəyi hesab edilməyən müxtəlif sahələrin daha çox bazar iqtisadiyyatına uyğunlaşması prosesi gedir. Mədəniyyət də XXI əsrdə bu növ sahələrin ən irəlidə gedən istiqamətlərindən biridir. Maliyyə çətinlikləri fonunda iqtisadi şaxələnmə, ölkəyə xarici valyuta axınının təmin edilməsi həm müxtəlif sahələrin inkişafına, həm də ölkənin ümumi iqtisadiyyatının gücləndirilməsinə gətirib çıxarır. Bu baxımdan yaradıcı sənayelərin potensialı çox yüksəkdir.
   Aparılan müxtəlif iqtisadi və statistik araşdırmalar göstərir ki, mədəniyyət və yaradıcılıq sektorları hazırda dünya üzrə ÜDM-in 4,5%-ni təşkil edir və illik 10% artım proqnozlaşdırılır. Bu sektor istehsalat və xidmət sənayelərinə nisbətən daha sürətlə inkişaf edir, Avropa İttifaqı ölkələrində 8,3 milyon insanı iş yeri ilə təmin edir və 558 milyard avro məbləğində gəlirə malikdir. Həmin ölkələrdə mədəniyyət və yaradıcılıq sektoru üçüncü ən böyük işəgötürən, eləcə də gənclərin ən çox maraq göstərdiyi sektorlardan biridir. Təhlillər göstərir ki, dünyada gedən texnoloji inkişaf prosesləri mədəniyyət sahəsində yeni istiqamətlərin yaranmasına səbəb olub. Bunların sırasında rəqəmsal media, qrafik və rəqəmsal dizayn, moda dizaynı, onlayn video və foto platformalar (youtube, vimeo), onlayn oyunlar, mobil oyunlar və s. qeyd etmək olar. Bu sahələr son illər Avropa və Amerikada ən çox gəlir gətirən sahələrdən biri hesab olunur.
   
   - Nazirlik bu istiqamətdə hansı işləri görür?
   - Azərbaycanın yaradıcılıq sahəsində potensialı çox yüksəkdir. Ölkəmizdə yaradıcı insanların çoxluğu, zəngin mədəni irs, fəal mədəni həyat və yüksək qabiliyyətli gənclik bu potensialın əsas göstəriciləridir.
   Mədəniyyət və Turizm Nazirliyi bu sahənin inkişafı üçün Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində, UNESCO tərəfdən reallaşdırılan layihələrdə fəal iştirak edir və müvafiq təcrübənin əldə edilməsi məqsədilə nazirlik daxilində və bu sektorda müxtəlif aksiyalar həyata keçirir. Bu yaxınlarda Azərbaycanda Avropa İttifaqı, Britaniya Şurası, Təhsil Nazirliyi və digər qurumların birgə təşkil etdiyi yaradıcı sənayelər forumunun əsas tərəfdaşlarından biri də Mədəniyyət və Turizm Nazirliyi idi. Əsas məqsədimiz təkcə mədəniyyət və turizm sahəsində çalışan insanları deyil, həm də digər sahələrdə çalışanların, xüsusilə də gənclərin yaradıcı təfəkkürünün və bacarıqlarının müasir texnologiya və iqtisadi yeniliklərlə uzlaşdırılmasına nail olmaqdır. Bir sözlə, vətəndaşlarımızın, xüsusilə də gənclərin kreativ bacarıqlarının, istedadlarının və intellektual qabiliyyətlərinin müasir iqtisadi və texnoloji vasitələrlə əlaqələndirilməklə inkişaf etdirilməsi fərdi biznes imkanlarını genişləndirməklə yaradıcı biznes mühitini formalaşdıracaq və nəticə etibarilə bu proses ölkəmizin ümumi iqtisadi rifahına, məşğulluğun səviyyəsinin artmasına töhfə verəcəkdir.
   Bu sahədə əsas məqsəd yaradıcılıq, mədəniyyət, təhsil, elm, texnologiya və iqtisadi düşüncə qabiliyyətini uzlaşdıraraq ölkəmizin gələcəyi üçün kreativ - yaradıcı nəsil yetişdirməkdir. Çünki hər bir sahəyə yaradıcı yanaşma innovasiya və inkişafa aparan əsas meyarlardan biridir.