15-18 noyabr tarixində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək. Noyabrın 15-də Nizami Kino Mərkəzində festivalın (BBTFF) açılışı ilə əlaqədar mətbuat konfransı olacaq.
Paytaxtımızın artıq dördüncü dəfə ev sahibliyi edəcəyi festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festivala təqdim olunan filmlər kinematoqrafçılardan, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqə üçün seçilən filmlər beş kateqoriya üzrə yarışacaqlar: ölkə, region, şəhər; mədəniyyət, ənənə; reklam filmləri; ekoturizm və digər turizm növləri; TV məhsullar (filmlər, videoçarxlar).
Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi (qızıl, gümüş və bürünc mükafat) müəyyən edərək mükafatlandıracaq. Festivalın ən yaxşı filmi isə baş mükafat (Qran-pri) ilə təltif ediləcək. Festivala təqdim olunmuş Azərbaycan filmləri həm də milli mükafat uğrunda yarışacaqlar.