Noyabrın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq artisti Tofiq Quliyevin (1917-2000) 100 illiyi münasibətilə elmi konfrans və konsert təşkil edilib.
İttifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Tofiq Quliyevin milli musiqimizin inkişafında xidmətlərindən, o cümlədən görkəmli musiqi xadiminin Bəstəkarlar İttifaqına rəhbərlik etdiyi dövrdən söz açıb: “Hamımız çox xoşbəxtik ki, belə gözəl insanla ünsiyyətdə olmuşuq. Onun gözəl insanlıq keyfiyyətləri melodiyalarında, ölməz mahnılarında yaşayır”.
Sonra sənətşünas alimlər bəstəkarın yaradıcılığı ilə bağlı maraqlı elmi məruzələrlə çıxış ediblər.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Tofiq Quliyev adına 12 və G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərinin istedadlı şagirdlərinin ifasında bəstəkarın “Marş”, “Rəqs”, “Nağıl”, “Axşam mahnısı”, “Bakı haqqında nəğmə”, eləcə də “Bəxtəvər oldum” romansı, “Qızıl üzük” əsərləri səsləndirilib.
* * *
Tofiq Quliyevin 100 illiyinə həsr olunmuş daha bir tədbir noyabrın 11-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçirilib.
Əvvəlcə konsertin təşkilatçısı və aparıcısı, musiqişünas Leyla Həsənova görkəmli bəstəkarın yaradıcılığından, fortepiano, mahnı yaradıcılığı və kino musiqilərindən bəhs edib.
Sonra məktəbin müəllim və şagirdlərinin ifalarında T.Quliyevin müxtəlif janrlarda bəstələdiyi əsərləri səslənib. Bəstəkarın ürəklərə yol tapan melodiyaları tədbirə xoş əhval qatıb. Məktəbin rəqs müəllimi Səbinə İsmayılovanın “Axşam oldu” mahnısının sədaları altında ifa etdiyi rəqs də rəğbətlə qarşılanıb.
Tədbirin qonağı - bəstəkarın oğlu, kinorejissor Eldar Quliyev konsertdən məmnunluğunu ifadə edərək məktəbin direktoru, Əməkdar müəllim Əziz Qarayusifliyə təşəkkürünü bildirib.