Şopinq festivalının lotereya qaliblərinə hədiyyələr təqdim edildi
   
   Xəbər verdiyimiz kimi, II Bakı Şopinq Festivalı çərçivəsində alış-veriş həvəskarları üçün müxtəlif yeniliklərlə bərabər, “Festival sürprizləri” ani lotereya biletlərini əldə etməklə qiymətli hədiyyələr qazanmaq şansı da yaradılıb. Noyabrın 7-də paytaxtdakı "Metro Park" ticarət mərkəzində lotereya qaliblərinə hədiyyələr təqdim olundu.
   Tədbirdə jurnalistlərə açıqlama verən Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov oktyabrın 15-dən davam edən II Bakı Şopinq Festivalında həm yerli sakinlərin, həm də xarici turistlərin marağını cəlb edən müxtəlif kampaniyaların həyata keçirildiyini dedi.
   Bildirdi ki, noyabrın 2-dən etibarən festivala qoşulan mağazalardan bir dəfəyə 100 manatdan artıq alış-veriş edən hər kəs “Festival sürprizləri” adlı ani stimullaşdırıcı lotereyada iştirak etmək hüququ qazanır. Şöbə müdiri əlavə etdi ki, festival çərçivəsində reallaşdırılan tədbirlər bu layihəyə sahibkarlar tərəfindən də böyük marağın olduğunu göstərir. 
   Qeyd edək ki, “Festival sürprizləri” stimullaşdırıcı lotereyasında müxtəlif hədiyyələr nəzərdə tutulub. Bu sıraya “Metro Park”dan 20 ədəd televizor, “Park Bulvar” AVM-dən 20 ədəd kamera, “Bravo” hipermarketindən 20 ədəd mobil telefon, “Baku Electronics”dən 20 ədəd tozsoran, “Optimal Electronics”dən 20 ədəd soba daxildir. 
   Lotereya biletini əldə etmək üçün alış-veriş üzrə elektron vergi hesab-fakturanı Bakı Şopinq Festivalının "Məlumat masası"na təqdim etmək lazımdır. 100 AZN-dən 500 AZN-dək alış-verişə 1 bilet, 500 AZN-dən çox alış-verişə isə 2 ani stimullaşdırıcı lotereya bileti düşür. 
   Ötən həftəsonu sözügedən ticarət mərkəzlərində şanslı alıcılara müvafiq hədiyyələr təqdim edildi.
   
   Fariz