Azərbaycan
   
   12 noyabr 1995 - Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ilə bağlı ümumxalq referendumu keçirilib. Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr Konstitusiya Günü elan edildi.
   12 noyabr 1942 - Xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov anadan olub. Əsərləri Moskva, Kiyev, Los-Anceles və başqa şəhərlərdə nümayiş olunub, Azərbaycan Milli İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının fondunda saxlanılır. 
   12 noyabr 1950 - Əməkdar artist Pərviz Sadıq Saleh oğlu Bağırov anadan olub. 1972-ci ildən Milli Dram Teatrında çalışır. “Azərbaycanfilm”də bir çox ekran əsərinin səsləndirilməsində, filmlərin dublyajında iştirak edib.
   
   13 noyabr 1945 - Xalq artisti Elmira Məhərrəm qızı İsmayılova İrəvanda doğulub. 1968-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında sənət fəaliyyətinə başlayıb, televiziya filmlərinə çəkilib.
   13 noyabr 1960 - Əməkdar incəsənət xadimi Şamil Kamil oğlu Nəcəfzadə anadan olub. Filmləri: “Qala” (ssenari müəllifi və rejissor), “Cin mikrorayonda”, “İmtahan” (rəssam).
   
   13 noyabr 1983 - Kinooperator, Əməkdar incəsənət xadimi Əsgər Cəfər oğlu İsmayılov (1905-1983) vəfat edib. Filmləri: “Qara daşlar”, “Kölgələr sürünür” və s.
   
   14 noyabr 1925 - Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 - 26.12.1995) anadan olub. 
   14 noyabr 1942 - Xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 - 23.7.2011) Cəlilabad rayonunda anadan olub. İfasında lentə alınan muğam və xalq mahnıları (“Çahargah”, “Rast”, “Qarabağın maralı”, “Şuşanın dağları” və s.) teleradionun “qızıl fond”unda saxlanılır. 
   14 noyabr 2006 - Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (7.11.1934 - 2006) vəfat edib. Azərbaycan Dövlət Estrada Orkestrinin, Azərbaycan Televiziyası və Radiosu Estrada orkestrinin solisti olub. 

   15 noyabr 1927 - Xalq artisti, rəqqasə Xumar Rza qızı Zülfüqarova (1927 - 2.7.2017) Bakıda doğulub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri olub. Tamaşalarda rəqslərə quruluş verib, Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. "Şöhrət" ordeni ilə təltif olunub.
   15 noyabr 1933 - Ədəbiyyatşünas alim, professor Firudin Cəlal oğlu Hüseynov (1933 - 31.8.1986) anadan olub. BDU-nun Filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.
   
   16 noyabr 1938 - Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə, 12.12.1893 - 1938) dünyasını dəyişib. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya olunub.
   16 noyabr 2010 - UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin Nayrobidə (Keniya) keçirilən 5-ci sessiyasında Azərbaycan xalça sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilib.
   
   Dünya
   
   12 noyabr 1840 - Fransız heykəltəraşı, heykəltəraşlıqda impressionizmin (“Mütəfəkkir” heykəli) banilərindən Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin; 1840-1917) anadan olub.
   12 noyabr 1935 - SSRİ Xalq artisti Lyudmila Markovna Qurçenko (1935 - 30.3.2011) anadan olub. Filmləri: “Mexanik Qavrilovun sevimli qadını”, “İki nəfər üçün vağzal” və s.
   
   13 noyabr 1745 - Fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy, 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.
   13 noyabr 1850 - İngilis (şotland əsilli) yazıçı, macəra romanlarının müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson, 1850-1894) anadan olub. Əsərləri: “Dəfinələr adası”, “Şahzadə Otto”, “Qara ox” və s.
   13 noyabr 1921 - Finlandiya bəstəkarı Yonas Kokkonen (Joonas Kokkonen, 1921-1996) anadan olub.
   
   14 noyabr 1840 - Fransız rəssamı, impressionizmin banilərindən Klod Mone (Oscar-Claude Monet; 1840-1926) anadan olub. Əsərləri: "Təəssürat. Doğan günəş”, "Kaputsin bulvarı", "Bağda qadınlar" və s.
   14 noyabr 1907 - İsveç yazıçısı Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson, 1907 - 28.1.2002) anadan olub. Uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”, “Uzuncorab Pippi” və s.) müəllifidir.
   14 noyabr 1924 - Məşhur skripkaçı, SSRİ Xalq artisti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub. 
   
   15 noyabr 1862 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1912) Gerhart Hauptman (Gerhart Johann Robert Hauptmann, 1862 - 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanları, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.
   
   16 noyabr 1717 - Fransız filosofu və mütəfəkkiri, “Elm, incəsənət və peşə ensiklopediyası”nın müəlliflərindən Jan Leron D'Alamber (Jean Le Rond D'Alembert, 1717- 1783) anadan olub.
   16 noyabr 1895 - Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith, 1895-1963) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan