Bu gün milli mətbəx həm də ölkənin mədəniyyət, turizm baxımından tanıdılmasıdır. Təsadüfi deyil ki, dünyanın müxtəlif ölkələri öz mətbəxini brendə çevirə bilib. Bütün böyük şəhərlərdə müxtəlif ölkələrin mətbəxinə aid restoranlar fəaliyyət göstərməkdədir ki, bunu Bakıda da görə bilirik. Bu müəssisələrdə təqdim olunan yeməkləri qoyaq bir tərəfə, elə restoranın adı bir ölkənin təqdimatı, təbliği deməkdir. Bu gördüklərimizin fonunda, əlbəttə, ürəyimizdən o da keçir ki, qədimliyi, dadı və zənginliyi ilə öyündüyümüz Azərbaycan mətbəxi də müxtəlif ölkələrdə elə adına uyğun kafe və restoranlarda təqdim olunsun. 
   Məsələnin başqa bir tərəfi də var. Müəyyən səbəblərdən ölkədən müvəqqəti və ya daimi çıxan soydaşımız üçün başqa məkana adaptasiyada yaşadığı çətinliklər yeməklərdə də özünü göstərir. Hətta bunu qardaş ölkə Türkiyədə belə müşahidə edirik. Odur ki, bir neçə ay öncə Ankarada azərbaycanlı tələbələrin təşəbbüsü ilə “Yahşı” (“Yaxşı”) kafesinin açılması burada yaşayan soydaşlarımızın ürəyincə oldu. Kafedə Azərbaycan çayından şirniyyatımıza, plov, qutab, dovğadan növbənöv dolmalaradək mətbəx nümunələrimiz təqdim olunur. 
   
   Niyə “Yaxşı” kafe?
   
   Türkiyənin tanınmış ali təhsil ocaqlarından olan Orta Şərq Texniki Universitetində (ODTÜ) təhsil alan azərbaycanlı tələbələr Samir, İlkin və Təhmasib bu kiçik kafeni açarkən ad üzərində çox düşünməyiblər. Samir Əlizadə bunu belə izah edir: “Bizim Azərbaycan türkcəsindən türkiyəlilərin çox bəyəndiyi və bizimlə ünsiyyətdə tez-tez işlətdikləri sözlərdən biri “yaxşı” sözüdür. Ona görə düşündük ki, bu adı qoysaq daha çox diqqət çəkər. Və doğrudan da, belə oldu”. 
   Samir deyir ki, kafeni açmaqla, əslində, soydaşlarımızın arzusunu gerçəkləşdirmək istəyiblər: “Necə ola bilər ki, Ankarada 5 minə yaxın azərbaycanlı yaşasın, amma mədəniyyətimizin bir parçası olan mətbəximizi tanıdan bir məkan olmasın. Beləliklə, dostlarla qərara aldıq ki, belə bir kafe açaq”.
   
   Soydaşlarımızın doğma məkanı
   
   Ab-hava tamamilə Azərbaycanı xatırladır. Musiqilərimizin müşayiəti ilə qonaqlara Azərbaycan çay dəstgahı təklif olunur: limon, kəllə qənd, noğul, mürəbbə, konfet də öz yerində. Çaylara isə istəyə uyğun olaraq kəklikotu, darçın, mixək də qatılır. Mürəbbələrdən də ağ gilas, əncir, çiyələk mürəbbəsi. Yeməklərə gəlincə, bura gələn müştərilər qaralı plov, yarpaq və kələm dolmaları, Azərbaycan xingalı, qutab, dovğa kimi yeməklərdən dada bilərlər. Gənclərin dediklərinə görə, çay, konfet, düyü Azərbaycandan gətirilir.
   “Yaxşı” kafesi qısa müddətdə şəhərdə yaşayan soydaşlarımızın doğma məkanına çevrilib. Tələbələrimizin bir çoxu nəinki kafedə nahar edir, hətta dərslərini bəzən burada hazırlayırlar. Ankarada təhsil alan tələbələrdən Ləman Süleymanlı və Nurlana Bayramova deyir ki, buradakı mühitdə sanki özlərini Bakıda hiss edirlər: “Bura tez-tez gəlirik. Öz çayımızdan içə-içə həm də imtahanlarımıza hazırlaşırıq”. 
   “Yaxşı” kafeyə Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, şəhərin müxtəlif universitetlərində çalışan azərbaycanlı müəllimlər də tez-tez baş çəkir. Səfirliyimiz tərəfindən kafeyə Bakının təsviri olan rəsm hədiyyə edilib. 
   
   Yeməklərimizdən ən çox plov sifariş edilir
   
   Ankaranın Bahçelievler 7-ci prospektində (7-ci cadde) yerləşən bu məkanın türkiyəli müştəriləri də yetərincədir. Gənclərin bildirdiyinə görə, bəziləri buranı sosial şəbəkə vasitəsilə axtarı tapır və gəlirlər. Türklərdən başqa Ankarada yaşayan ərəblər, qazaxlar, Güney Azərbaycandan olan soydaşlarımız da tez-tez bura üz tutur. Yeməklərdən ən çox plovu bəyənirlər. Elə əksər qonaqlar da plovun adını eşidib gəlirlər. 
   Bütün dadlı yeməkləri isə əvvəl Sumqayıt şəhərində aşpaz kimi çalışmış Surə xanım hazırlayır. Deyir, gənclərin təklifini məmnuniyyətlə qəbul edib: “Gecəyarıya qədər çalışıram. Sanki öz övladlarımdı. Əl-ələ verib işləyirik”.
   Həftənin hər bazar günləri kafedə canlı musiqi təqdim olunur. Buna təkcə azərbaycanlıların deyil, türklərin də marağı var. Canlı musiqiləri isə Möhsün və Arzu Qurbani öz musiqi qrupları ilə ifa edirlər. 
   Qeyd edək ki, kafedə qonaqlara Azərbaycan paxlavası, ballı tort, “Napoleon” tortu da təklif edilir. Öyrənirik ki, bu tortlardan Türkiyədə hazırlanmadığı üçün xeyli sayda türkiyəli müştərilər onları dadmaq üçün məhz “Yaxşı”ya üz tuturlar. 
   Kafenin müştəriləri arasında Türkiyədə yaxşı tanınan müğənnimiz Azərin də var. O, təəssüratını belə bölüşür: “Həmişə düşünürdüm ki, Ankarada niyə Azərbaycan yeməkləri təklif edilən kafe yoxdur. Dəstək olmağa çalışdım. Sənət adamları olaraq sənətimizi tanıdırıq. Niyə mətbəxi tanıtdırmayaq. Sosial şəbəkədə gördüm və sevindim. Çox mədəni, istiqanlı gənclərdir. Yenidirlər, amma çox həvəslidirlər. Azərbaycan yeməklərinin təqdim olunması xoş bir haldır”. 
   Beləliklə, Ankarada Azərbaycan ab-havasını yaşamaq, musiqimizi dinləmək və yeməklərimizi dadmaq üçün artıq bir tanış məkan var.
   
   Mehparə Sultanova
   Ankara