Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilən tədbirlər çərçivəsində Yaponiyanın Şiroi şəhərində ölkəmizə həsr olunmuş təqdimat keçirilib.
Şəhər rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə ölkəmizin iqtisadi inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən nailiyyətlər, digər sahələrlə yanaşı, turizm sektorunun inkişafı istiqamətində görülən tədbirlər barədə geniş məlumat verib. Azərbaycan-Yaponiya münasibətlərindən danışan səfir regionlar arasında əməkdaşlığın iki ölkə əlaqələrinin genişlənməsinə xüsusi töhfə verdiyini vurğulayıb.
Tədbir iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, enerji strategiyası, sənaye, kənd təsərrüfatı, turizmin inkişafı haqqında bilgi verilib. Azərbaycanın Cənubi Qafqazın ən böyük dövləti olduğu, region iqtisadiyyatının 70 faizinin məhz burada cəmləşdiyi vurğulanıb.
Ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində görülən tədbirlərdən danışan səfir Azərbaycanda qədim və zəngin mədəniyyətlə yanaşı, müasir turizm infrastrukturunun yaradıldığını qeyd edib, bu sahənin sürətli inkişafında ölkəmizin maraqlı olduğunu bildirib.
Sonda Tokioda yaşayan həmyerlimiz Dilarə Qazıyevanın ifa etdiyi milli rəqslərimiz alqışlarla qarşılanıb.